Savaşlardan alnıaçıq çıxanlar
Region

Savaşlardan alnıaçıq çıxanlar

Ölkə Prezidentinin sərəncamları ilə Vətən müharibəsi zamanı ərazilərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu müxtəlif orden və medallarla təltif edilib. Şirvan Şəhər İcra Hakimiyyətində medalların və onların vəsiqələrinin Vətən müharibəsinin iştirakçılarına təqdim edilməsi münasibətilə tədbir keçirildi.

Şirvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin birgə təşkilatçılığı və idarə-müəssisə rəhbərlərinin, müharibə iştirakçılarının qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra Vətən müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək  bildirdi ki, İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar, görülən işlər qısa müddət ərzində az itkilərlə düşmənə sarsıdıcı zərbə vurmaq, düşməni 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızdan birdəfəlik qovmaq məqsədi daşıyırdı. Eyni zamanda dövlət başçısının keçirdiyi görüşlər, dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələr döyüş meydanında qazanılmış qələbələrin siyasi müstəvidə davamı idi. Bu qələbə Azərbaycan ordusunun hərbçilərimizin peşəkarlığının üstünlüyünün sübutu oldu. Cənab Prezidentin də dəfələrlə dediyi kimi, 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. “Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir!”

Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin rəis müavini Musa Nağıyev ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, dövlət başçısının qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsindən danışdı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə, qazilərimizə, savaşlardan alnıaçıq çıxanların  ailələrinə göstərilən diqqət və qayğıdan da bəhs etdi. Vətənpərvəlik ruhunun düzgün təbliğinin nəticəsidir ki, Şirvan şəhər gənclərindən səfərbərlik üçün müraciət edənlərin sayı həddindən artıq çox idi.

Daha sonra dövlət başçısının müvafiq sərəncamları ilə Vətən müharibəsindəki igidlik və şücaətlərinə görə təltif olunan şəxslərin medalları təntənəli surətdə təqdim edildi.

Tofiq HÜSEYN,

“Respublika”.