Səbinə Əliyeva: ANAMA nümayəndəsinin göstərdiyi faktlar konfrans iştirakçılarını şoka salmışdı
MÜSAHİBƏLƏR

Səbinə Əliyeva: ANAMA nümayəndəsinin göstərdiyi faktlar konfrans iştirakçılarını şoka salmışdı

"Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdamda Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklərlə, eləcə də mədəni irsimizin, abidələrimizin dağıdılması faktları ilə tanış olurlar. Onların arasında Avropa, Asiya və Afrikadan gələnlər var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamda jurnalistlərə açıqlamasında söyləyib.

S.Əliyeva bildirib ki, keçmiş məcburi köçkünlərin bu ərazilərə tez qayıtmasına mane olan əsas məsələ mina problemidir: "Erməni diversiya qrupları ərazilərimizə mina basdırılması prosesini davam etdirir. Biz dəfələrlə beynəlxalq tərəfdaşlarımıza müraciətlər etmişik, dərhal sərt formada reaksiya vermələri üçün çağırışlar etmişik. Bakıda keçirilən konfransda ANAMA nümayəndəsi geniş təqdimatla çıxış etdi, onun göstərdiyi faktlar qonaqları şoka salmışdı - bir kvadratmetr əraziyə 8 mina basdırılıb. Biz dəfələrlə bu məsələləri qaldırmışıq. Minaların basdırılması, dəqiq mina xəritələrinin verilməməsi, Ermənistanın Azərbaycana kompensasiya ödəməməsi - hamısı cinayətdir. Buna görə Ermənistan cəzalandırılmalıdır", - deyə Səbinə Əliyeva bildirib.

AZƏRTAC