Səfa Axundov
Sosial həyat

Səfa Axundov

Səfa Axundov 19 iyun 1958-ci ildə  Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almış, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi ilə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.

Səfa Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün Latviyada ilk dəfə olaraq azərbaycanlıları öz ətrafında birləşdirən “Azəri” cəmiyyəti yaradır. Səfa Latviyanı qarış-qarış gəzib, buradakı həmvətənlərini həmin cəmiyyətdə birləşməyə səsləyirdi. Cəmiyyətin genişlənməsi nəticəsində azərbaycanlılar Latviya Seymində 3 deputat yeri qazandılar. Bir müddətdən sonra Latviyada bütün müsəlmanları birləşdirən “Müsəlman” Liqasını yaratmağa nail olurlar. Liqa bütün müsəlmanların həyatında böyük rol oynayır, Riqada olan qədim məscidləri təmir edir, kasıblara yaxından köməklik göstərirdi.

Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün çətinləşdirirdi. Erməni quldurları bu siyasətdən istifadə edərək Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqın edirdilər. O, cəmiyyətin keçirilən yığıncağında Azərbaycanın ictimai-siyasi vəziyyəti barədə geniş nitq söyləyib, axırda belə bir nəticəyə gəldi: “Vətən ağır vəziyyətdədir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Kimin hərbi təcrübəsi, biliyi, baçarığı varsa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”.

Ermənilərin azğın hərəkətləri Səfanı Vətənə dönməyə sövq etdi. Zabrat "Azal-aero" aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin olunur.  Səfa 1992-ci il yanvarın 27-də isə Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edildi. Səfagilin heyəti yanvarın 28-də Şuşa şəhərinə iki dəfə müvəffəqiyyətli uçuş həyata keçirdilər. Üçüncü uçuşda Səfanı ehtiyat pilotla əvəz etmək istəyirlər. Lakin Səfa bu qərarla razılaşmır: “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər” deyir. Mİ-8 vertolyotu Qarabağ səmasında 3000 metr yüksəklikdə uçur, Şuşa şəhərinə yaxınlaşırdı. Uçuşu müşahidə edənlərin dediklərinə görə, yanvarın 28-də vertolyotumuz Xankəndi istiqamətindən atılan “Stinger” raketi ilə vurulur. Güclü partlayış səsi eşidildi və vertolyotu tüstü bürüyür. Həmin anda vertolyot 2000-2200 metr yüksəklikdə idi. Güclü atəşdən Mİ-8-in mühərriki alışıb yanır. İkiyə bölünmüş gövdədən 6-7 sərnişin yerə düşür. Özlərini itirməyən heyət vertolyotu təhlükəsiz yerə Kərkicahan qəsəbəsi yaxınlığındakı yola endirməyə cəhd göstərir. Lakin bu mümkün olmur. Artıq idarə olunmayan vertolyot dağın sıldırım qayalarına çırpılır. Üç heyət üzvü və 40 nəfər sərnişin faciəli surətdə həlak olur. Bu, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi.      

1992-ci il yanvarın 30-da xalqımızın qəhrəman oğlu Səfa Axundov iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudovla birlikdə Bakıda Şəhidlər Xiyabanında məzara tapşırılır. Azərbaycan Prezidentinin 25 noyabr 1992-ci il tarixli fərmanı ilə Səfa Fətulla oğlu Axundova göstərdiyi şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Xalqımız öz qeyrətli oğlunun əməyini yüksək qiymətləndirmişdir. Cəlilabad Şəhər Mədəniyyət Evi və şəhərin küçələrindən biri onun adını daşıyır. Şəhər Mədəniyyət Evinin qabağında qəhrəmanın büstü qoyulmuşdur. Səfa Axundovun təşəbbüsü ilə yaradılmış Latviya-Azərbaycan Əlaqələr Cəmiyyətinə də onun adı verilmişdir.

Səfanın şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız bu gün öz sahibinə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi barədə verdiyi müjdə əslində Vətən müharibəsində qazanılmış böyük qələbənin rəsmən elanı idi.

Yaddaşımızda bir çox milli dəyərimizi rəmzləşdirən Şuşa həm də milli birliyimizin, həmrəyliyimizin, azərbaycanlı olmaq qürurumuzun, Vətənə sevgimizin nümunəsi kimi əbədiləşəcək. Azərbaycan əsgər və zabitlərinin Şuşa qəhrəmanlığı dünyanın aparıcı hərbi məktəblərinin dərsliklərinə yazılacaq bir örnək kimi dildən-dilə dolaşacaq.

                                                                                                          M.MİRZƏ, 

                                                                               “Respublika”.