Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Region

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov martın 4-də Sabirabadda İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub. Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 15 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, şəhid adı və statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC