Səfir: Azərbaycanla Tacikistan arasında münasibətlər qardaşlıq xarakteri daşıyır
Siyasət

Səfir: Azərbaycanla Tacikistan arasında münasibətlər qardaşlıq xarakteri daşıyır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə aprelin 25-də Azərbaycanla Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

BMTM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev Tacikistanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaş olduğuna toxunub.

Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli qeyd edib ki, ölkələrimiz siyasi, iqtisadi, mədəni, parlamentlərarası və digər sahələrdə uğurla əməkdaşlıq edirlər. Diplomat vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair 60-dan çox sənəd imzalanıb. "Azərbaycanla Tacikistan arasında münasibətlər qarşılıqlı etimada əsaslanan qardaşlıq xarakteri daşıyır", - deyən səfir iqtisadi sahələr üzrə işçi qruplarının yaradılması üzərində işin getdiyini də bildirib. 2020-ci ilin aprelində Bakıda Tacikistan Ticarət Evinin açıldığını xatırladan R.Soli, həmçinin ölkəsinin Azərbaycanla aqrar sektorda mövcud əməkdaşlıq və investisiya imkanlarının olduğunu vurğulayıb. Səfir, eyni zamanda, iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əlaqələr və Tacikistandan olan tələbələrin Azərbaycanda təhsil almasından bəhs edib.

R.Soli regional təhlükəsizlik, Əfqanıstanda baş verən hadisələrin ölkəsinə təsirləri, həmçinin terrorizmlə mübarizə sahəsində Azərbaycanla mümkün əməkdaşlıq məsələlərinə toxunub.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri və ölkəmizin Tacikistandakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Məhərrəm Əliyev iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının tarixindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmonun dövlətlər arasında əlaqələrin inkişafındakı rolundan danışıb.

Milli Məclisin deputatı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə çıxışında iki xalq arasında əlaqələrin tarixin dərinliklərinə gedib çıxdığını vurğulayıb. O, iki dövlət arasında münasibətlərin hər iki tərəfin maraqlarına söykəndiyini deyərək bunu nümunəvi adlandırıb. A.Mirzəzadə xüsusilə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edib. O əlavə edib ki, Tacikistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və biz bunu 44 günlük müharibə zamanı xüsusilə hiss etmişik.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Bünyad Hüseynov Azərbaycanla Tacikistan arasında mədəni əlaqələrin tarixinə, hər iki xalqın yaradıcı insanlarının xalqlar arasında körpü rolu oyanamasına toxunub.

Azərbaycanın Tacikistandakı sabiq səfirləri Abbasəli Həsənov və Həsən Məmmədzadə çıxışlarında ölkələrimiz arasında münasibətlərin inkişafında xalq diplomatiyasının əhəmiyyətini qeyd ediblər.

Tədbirdə Mərkəzi Asiya ölkələrinin və Gürcüstanın Azərbaycandakı səfirləri, elm və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

AZƏRTAC