Səfirlik Araik Arutunyanın Moskvaya səfəri ilə bağlı məlumatlara aydınlıq gətirib
Siyasət

Səfirlik Araik Arutunyanın Moskvaya səfəri ilə bağlı məlumatlara aydınlıq gətirib

Oktyabrın 23-də bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olması və Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etməsi barədə xəbərlər yayılıb.

Son günlər erməni KİV-i tərəfində "Artsax respublikasının vəzifəli şəxslərinin" Rusiyaya "işgüzar səfərləri" və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfirlik adları qeyd olunan şəxslərin Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirdiyini və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslərlə görüşdüklərini, belə səfərlərin yalnız şəxsi xarakter daşıdığını bir daha diqqətə çatdırır, onların rəsmi qəbul edilmədiklərini, Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər hansı siyasi məsləhətləşmələr aparılmadığını vurğulayır.

"Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini güdür", - deyə məlumatda qeyd olunur.

AZƏRTAC