Səfirliyə hücum cinayətdir
Digər xəbərlər

Səfirliyə hücum cinayətdir

Bütün detallar terror hadisəsinin İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu təsdiqləyir

2023-cü il yanvar ayının 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumu olub. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi qətlə yetirilmiş, iki nəfəri isə yaralanmışdı. "Kalaşnikov" avtomatı ilə silahlanmış şəxsi elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirmişdi. Terrorun ardınca İran tərəfi hadisəni qərəzsiz şəkildə araşdıracağını bildirsə də, tam əksi oldu. Rəsmi tərəfin yaydığı məlumata görə, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib. Lakin maraqlıdır, görəsən onun məişət probleminə Azərbaycan səfirliyi və ya azərbaycanlılarmı səbəb olmuşdu? Bəs nəyə görə o, öz rəsmilərinə yox, elə Azərbaycan tərəfinə üz tutmuşdu? Bu suallara isə qarşı tərəfin verə biləcək bir cavabı yoxdur.

Hadisədən bir neçə gün öncəyə nəzər salsaq əslində, hər şeyin planlı olduğu ortaya çıxır. İranda bir çox terror qrupları var. Bunlardan biri də "Hüseyniyyun" qruplaşmasıdır. Həmin bu terror qruplaşması səfirliyimizə edilən hücumdan bir neçə gün əvvəl "Hüseynçilər 1979" kanalında hücumun ola biləcəyinə dair şifrəli mesajlar veriblərmiş. Həmin kanalda "Böyük cihada hazır olun" adlı süjet yayımlanıb. Süjetdə aşağıdakı ifadələr işlədilib: "Azərbaycanda şəriət rejiminin qurulmasının vaxtı çatıb, Əliyev rejimi heç vaxt hesablamadığı yerdən zərbə yeyəcək". Həmçinin, onlar bu kimi fikirləri öz teleqram qruplarında da yayımlayıblar. Hücumdan 10 saat əvvəl isə "hüseyniyyun himni" adlı mahnı paylaşılıbmış. Bu hadisələrin hamısı onu göstərir ki, hücumun arxasında molla rejimi durur.

Yaşanan terror aktından sonra videogörüntülər ortaya çıxıb. Oradan da açıq-aşkar şəkildə bəlli olur ki, hücum terror törətmək məqsədilə edilmişdir. Hadisə zamanı yaralanan Vasif Tağıyev özünə gəldikdən sonra belə ifadə verib: "Onun məqsədi terror törətmək idi. Ailəsini axtarmağa gələn şəxs silahla gəlmir".

Binaya hücum bir dövlətin ərazisinə qanunsuz şəkildə daxil olmaqdır. Bu terror aktı həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyaya əsasən nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər. Lakin terrorçu qüvvə bu qanuna məhəl qoymayaraq binaya hücum edib.

Görüntülərə nəzər salanda görürük ki, həmin şəxs səfirliyin qarşısına gəlib, əlində silah səfirliyin binasına daxil olub və atəş açmağa başlayıb. Binaya daxil olarkən xidmətdə olan İran polisi onu görür, amma heç bir reaksiya vermir, hətta terrorçu binaya daxil olandan sonra belə, onun ardınca binaya daxil olub heç nə etmir. Görüntülərdə isə nə uşaq var, nə də başqası. Halbuki, İran tərəfi bildirmişdi ki, şəxsin yanında iki uşağı olub. Əgər səfirliyin əməkdaşı onun qarşısını almasaydı yəqin ki, itkilərimiz çox olardı. Tehran hadisənin məsuliyyətini üzərindən atmaq üçün terror baş verən andan müxtəlif yalan xəbərlər və açıqlamalar yayaraq onun mahiyyətini dəyişməyə çalışmışdı. Hətta onlar bildirmişdilər ki, guya hücum edən şəxs ermənidir. Lakin sonradan məlum oldu ki, həmin şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Səfirliyə hücuma görə məhz rəsmi Tehran məsuliyyət daşıyır.

Görüntülər bir daha sübut edir ki, terror İranın xüsusi xidmət orqanları tərəfindən təşkil edilib. Əldə edilən detallar da bunu təsdiqləyir.

Töhfə SƏMƏDOVA,

"Respublika".