Səfirliyimizə hücum ermənilərin barbar xislətinin təzahürüdür
Digər xəbərlər

Səfirliyimizə hücum ermənilərin barbar xislətinin təzahürüdür

Fransada yaşayan ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Lakin Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təmin etməyiblər. Son günlər respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur.

Xarici İşlər Nazirliyi bildirir ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir. Xatırladırıq ki, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək dövlətin xüsusi vəzifəsidir.

Təəssüf və narahatlıq doğuran bu hadisə erməni xislətinin bariz göstəricisi, nümunəsidir. Nəsillər dəyişir, xəyanətə, cinayətə meyil isə dəyişmir. Ermənilərin bu cür cinayətkar əməlləri, eləcə də terrorçuluq fəaliyyəti indi başlamayıb. Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixi 100 ildən çoxdur. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə "Armenakan", 1887-ci ildə Cenevrədə "Hınçaq", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyun" partiyalarını yaratdılar. Bundan sonra ermənilərin "böyük Ermənistan" yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar. XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1919-cu ilin oktyabrında "Daşnaksütyun" partiyası İrəvanda keçirdiyi IX qurultayda "Nemezis" intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi "Nemezis"in siyahısına Türkiyənin və Azərbaycanın 650 dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları "Daşnaksütyun" partiyasının "Nemezis" terror hərəkatının hədəfinə çevrilmişdilər. XX əsrin ikinci yarısında "Daşnaksütyun" partiyası tərəfindən bir sıra terror qrupları yaradıldı. Ötən əsrin 60-70-ci illərində erməni terror təşkilatlarının fəaliyyəti daha da genişləndi. Belə ki, 1975-ci ildə yaradılan "Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu" (ASALA) adlı təşkilat həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törətmişdir ki, nəticədə günahsız insanlar erməni terrorizminin qurbanı olmuşlar.

Erməni terrorçu təşkilatları, terrorçuları da beləcə müxtəlif xüsusi xidmət orqanlarının arxasına sığınaraq türk diplomatlarına qarşı cinayətlər, hava limanlarında partlayışlar törədir, səfirliklərə hücum çəkirdilər. Bilirdilər ki, həbs edilsələr də, azadlığa çıxacaqlar. Bundan illər əvvəl isə onlar cümhuriyyətimizin parlaq simalarını, Türkiyənin dövlət adamlarını xaincəsinə qətlə yetiriblər. 70-ci illərdə geniş vüsət alan terror aktları beynəlxalq miqyas alıb və 1973-1994-cü ildə müxtəlif erməni terror təşkilatları 42 türk diplomatını qətlə yetirib. Şimali Amerika, Asiya, Avstraliya və əsasən də Qərbi Avropada, ümumiyyətlə 21 fərqli ölkədə törədilən terror aktlarında türk diplomatları ilə yanaşı, mülki şəxslər də həlak olublar. Terror təşkilatlarının həyata keçirdikləri cinayət aktlarının əsas hədəfi müasir Türkiyə dövlətidir və təəssüf ki, Qərb ölkələri bu terrora qarşı lazımi həssaslıq və etiraz nümayiş etdirmirlər. Müvafiq beynəlxalq təşkilatların ermənilərin xaricdəki soydaşlarımıza qarşı həyata keçirdiyi kütləvi zorakılıqlar fonunda susması arzuedilməzdir və bu, hər şeydən əvvəl, həmin qurumların özünün nüfuzuna, imicinə yaxşı heç nə vəd etmir. Parisdə səfirliyimizə hücumla bağlı heç bir beynəlxalq təşkilat qəti, birmənalı bəyanatla çıxış etməyib. Halbuki, onların vəzifəsi harada, hansı ölkədə baş verməsindən asılı olmayaraq, insan hüquqlarını qorumaq, insanların təhlükəsizliyinin, azadlığının keşiyində durmaqdır. Şübhəsiz ki, beynəlxalq təşkilatların bu susqunluğu onların ikili yanaşma siyasətinin göstəricisidir. Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası səfirə təqdim edilib. Fransa Xarici İşlər Nazirliyi (XİN) ermənilərin Azərbaycanın Parisdəki səfirliyinə hücum etməsinə münasibət bildirib. Ölkənin XİN-in yaydığı məlumatda hadisənin təəssüf doğurduğu qeyd edilib: "Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar", - deyə bildirilib. Fransada ermənilər kifayət qədərdir. Fransa polisi bunun üçün oradakı diplomatlarımızın təhlükəsizliyini təmin etməyə borclu idi. Fransanın bizə olan münasibətini yaxşı bilirik, bu, bizim üçün heç 44 günlük müharibə ərzində də sürpriz olmadı. Ancaq bu hadisədə problem tam başqadır. Fransa ərazisində olan diplomatik nümayəndəliyin təhlükəsizliyinə cavabdehdir. Ölkənin hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etmədiklərinə görə erməni vandalları asanlıqla əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıb, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Məhz buna görə də baş verənlərlə bağlı bütün məsuliyyət Fransa hökumətinin üzərinə düşür. Əslində səfirliyimizin binasına olan hücum Fransa dövləti üçün utancverici haldır və beynəlxalq hüququn pozuntusudur.

Mustafa KAMAL,

"Respublika".