Şəhid ailələri ilə bayram görüşü
Region

Şəhid ailələri ilə bayram görüşü

Ululardan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı ərəfəsində Şirvan şəhərində şəhid ailələri və müharibə iştirakçıları ziyarət olundu.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşdə bildirdi ki, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. İcra başçısı şəhidlərimizin ən yüksək ehtirama layiq olduğunu söylədi. Təbiətin canlanması, yeni fəslin gəlişinin müjdəçisi, bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibətilə şəhid ailələrini və müharibə iştirakçılarını təbrik edərək ulu öndər Heydər Əliyevin  Novruzu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar, xalqımızın milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadan bayram kimi xarakterizə etdiyini vurğuladı. Qeyd etdi ki, qəhrəman şəhidlərimiz və igid oğullarımız sayəsində artıq ikinci ildir ki, Novruz tonqalı  işğaldan azad olunmuş torpaqlarımızda da şölələnir. Bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük  sevinc və zəfər ruhu ilə  qeyd edirik.

İlqar Abbasov şəhərimizdə aparılan abadlıq-quruculuq işlərindən, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açdı. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ordenlərlə təltif olunan Vətən müharibəsi şəhidlərinin adlarının şəhərimizdəki küçələrə verildiyini qeyd etdi. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin daim ehtiramla yad olunduğunu, ailələrinin mütəmadi ziyarət edildiyini, problemlərinin aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirildiyini söylədi.

Şəhid ailələri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

“Respublika”.