Şəhid ailələri və qazilərin problemləri diqqətdə saxlanılır
Sosial həyat

Şəhid ailələri və qazilərin problemləri diqqətdə saxlanılır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən İkinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ailələrinin və qazilərimizin problemlərinin daim diqqətdə saxlanılması məqsədilə Ombudsmanın regional mərkəzləri tərəfindən bölgələrimizdə yaşayan şəhid ailələri və qazilər ziyarət edilir.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Vətən müharibəsi şəhidləri Samir Süleymanov, Əfsan Salıyev, Rahim Mikayılov, Cəlil Xeyrullayev, Eynulla Lətifov, Surxay Mehtiyev, Ülvi Məmmədov, Yaşar Xudayev, Mehdi Murtuzov, Aqil Məlikov, Orxan Babayev və qazilər Kənan Əhmədov, Elmir Qədirov, Ömər Laçınovun ailələrini ziyarət edib. Ombudsman Səbinə Əliyevanın adından şəhidlərin ailə üzvlərinə başsağlığı verilib. Görüşlər zamanı təsisatın şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə məlumat verilib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Sosial Xidmətlər Agentliyinin əməkdaşı ilə birgə qazi Hasil Mehdiyevin ailəsini ziyarət edib. Görüşdə qazimizin müalicəsi və qayğıları ilə bağlı söhbət aparılıb, qaldırılan məsələlərlə bağlı hüquqi məsləhət verilib.

Görüş zamanı qeyd olunub ki, dövlət tərəfindən şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.