ŞƏHİD AİLƏLƏRİNƏ BAYRAM HƏDİYYƏLƏRİ
Region

ŞƏHİD AİLƏLƏRİNƏ BAYRAM HƏDİYYƏLƏRİ

İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Masallı rayonunda silsilə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə Masallı şəhərinin Heydər Əliyev Mərkəzində bayram tədbiri təşkil olunub. Mərasimdə rayon rəsmiləri, millət vəkilləri, DQİDK-nın əməkdaşları, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin  nümayəndələri iştirak edirdi.

Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki,  iki ildir ki, bu müqəddəs bayramı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbə sevincləri ilə qeyd edirik. İcra başçısı tədbirdə iştirak edən şəhid ailələrini və bütün masallılıları müqəddəs bayram münasibətilə təbrik edərək hamıya ən xoş, səmimi arzularını çatdırıb.

Milli Məclisin üzvləri Məşhur Məmmədov və Anar İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazisi Rəşid Talıbov Qurban bayramının xeyirxahlıq, həmrəylik və fədakarlıq rəmzi kimi ali dəyərləri birləşdirdiyini vurğulayaraq şəhid ailələrinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə maddi vəsait plastik kartlarla təqdim olunub.

***   ***   ***

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və partiya fəalları Qurban bayramı ərəfəsində Masallı şəhərində, Musakücə və digər kəndlərdə şəhid ailələrinə baş çəkiblər. Görüşlərdə şəhidlərin parlaq xatirəsi ehtiramla yad edilib, keçdikləri igidlik, şücaət  və qəhrəmanlıqlarla dolu  döyüş yolları barədə söhbət açılıb.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ölkəmizin müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman oğulların ölməz xatirəsinin əsrlər boyu yaşayacağını vurğulayıb. Şəhidlərimizin xatirəsini daim uca tutmaq, adlarını əbədiləşdirmək, ailə üzvlərinə, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Görüşlərdə şəhid ailələrinə bayram sovqatları təqdim edilib. Şəhid ailələrinin üzvləri diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Əlisəfa HƏSƏNOV,

                                                                                            “Respublika”.