Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vurulub
Sosial həyat

Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vurulub

Vətən eşqi dünyadakı ən ali, ülvi hissdir. Şəhidlik məqamı isə Vətənə məhəbbətin zirvəsidir. Sinələrini düşmən gülləsinə sipər edən, qanları ilə qara torpağı suvarıb laləzar Vətənə çevirən qəhrəman oğulların pak ucalığıdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban edərək əbədiyyətdə yolçuluğa çıxan müqəddəs şəhidlərimizdən biri də 48-ci doğum günü onsuz keçirilən, şəhidliyinin 28 ili tamam olan Elgün Dağbəyi oğlu İsmayılovdur.

AZƏRTAC xəbər verir ki, ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə yüksələn Elgün İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı "Azərbaycan" qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir.

2003-cü ildən redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb. Həmin ildən başlayaraq redaksiya əməkdaşları arasında Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi də keçirilir.

Hər il doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarətlə başlayır. Bu il də Elgünün xatirəsi ona doğma olan kollektivi tərəfindən ehtiramla yad edilib. Şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzülüb və ruhuna dualar oxunub.

Sonra anım mərasimi redaksiyada davam etdirilib. Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirib ki, vətənpərvərlik mövzusu "Azərbaycan" qəzetində dərc olunan yazılar içərisində hər zaman qırmızı xətt kimi keçir. Elə Elgün İsmayılovun xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinə redaksiya əməkdaşlarının məhz vətənpərvərlik mövzusunda yazdıqları məqalələri təqdim etmələri də bunun bariz göstəricisi, eyni zamanda, "Azərbaycan" qəzetində vətənpərvərlik mövzusunda yaradıcılığa geniş meydan verilməsinin əyani təsdiqidir.

Baş redaktor söyləyib ki, artıq iki ildir Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi əvvəlki illərdən daha fərqli ab-havada, böyük Zəfər ruhu ilə qeyd edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi hərbi-siyasi Qələbə sayəsində xalqımızın milli qüruru özünə qayıdıb. "Dəmir yumruğ"un zərbəsi cəmi 44 gün ərzində mənfur düşmənin belini qıraraq torpaqlarımızı 30 illik işğaldan azad edib, yüzminlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətinə birdəfəlik son qoyub, müqəddəs şəhidlərimizin ruhunu şad edib. Otuz ildir təqvimlərimizdə yer alan qara günlərin yerini indi al qırmızı bayram günləri əvəzləyib. Bu qalibiyyət xoşbəxtliyini bizə ürəklərində vətən sevgisi daşıyan, bu uğurda gözlərini qırpmadan ölümə atılan qəhrəman oğullarımız bəxş ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verən igidlərimizin hər birinin ömür yolu gənclərimizə örnəkdir.

"İndi xalqımız Qarabağda və Şərqi Zəngəzurda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuğun, Böyük Qayıdışın təntənəsini yaşayır. Budəfəki müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının hər birinin Vətən müharibəsindəki Qələbəmiz, Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə bağlı olması heç də təəccüblü deyil. Biz bu gün torpaqlarımızı işğaldan azad etsək də, hərbi vətənpərvərlik tərbiyəsinə daim diqqət ayırmalı, şəhid və qazilərimizin xatirəsini əziz tutmalı və belə mövzulara həsr edilmiş müsabiqələrdə qələmimizi sınayaraq təkmilləşdirməliyik", - deyə baş redaktor vurğulayıb.

Sonra Bəxtiyar Sadıqov müsabiqənin nəticəsini elan edib. Builki müsabiqənin yekunlarına görə redaksiyanın əməkdaşları - İqtisadiyyat şöbəsinin redaktoru Flora Sadıqova "İqtisadiyyatımız Vətən müharibəsi günlərində" rubrikasında dərc olunmuş silsilə məqalələrinə, Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru Rəşad Baxşəliyev işğaldan azad edilmiş bölgələrdə aparılan quruculuq və bərpa işlərindən hazırladığı silsilə reportajlarına, Parlament və siyasət şöbəsinin müxbiri Yasəmən Musayeva Qarabağ və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlərdən, şəhid ailələrindən hazırladığı silsilə publisistik reportajlarına görə "Azərbaycan" qəzetinin Fəxri diplomu və pul mükafatları ilə təltif olunublar.

Qaliblərdən Flora Sadıqova söyləyib ki, bu müsabiqədə təltif olunmaq mənim üçün böyük fəxrdir. Ona görə ki, bu, "Azərbaycan" qəzetinin təsis etdiyi, həm də kollektivimizin əməkdaşının adına olan mükafatdır. Artıq 20-ci dəfədir ki, Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsini keçiririk və mən burada sayca 5-ci mükafatımı alıram. Bu da əlavə fəxr hissi bəxş edir.

Qaliblərdən biri, 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı Rəşad Baxşəliyev qeyd edib ki, istənilən müsabiqədə qaliblər sırasında olmaq jurnalist üçün fərəhlidir. Amma vətənpərvərlik mövzusu, xüsusən də şəhidlərimiz haqqında yazılar, reportajlar hazırlayıb qalib olanda iftixar hissi keçirirsən. O deyib: "Etiraf edim ki, bundan öncə keçirilən müsabiqələrdə qaliblər sırasında olsam da, bugünkü hissləri heç zaman yaşamamışdım. Çünki 20 yaşında canını Vətən uğrunda fəda edən qəzetimizin əməkdaşı, qəhrəman kəşfiyyatçımızın və Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ruhları işğal dövründə şad deyildi. Qırx dörd günlük Vətən müharibəsindəki Zəfərimiz şəhidlərimizin qanını yerdə qoymadı".

Artıq iki ildir ki, bu müsabiqədə ürəklə, fəxr hissi ilə iştirak etdiyini vurğulayan R.Baxşəliyev bildirib: "Bəlkə də, bu gün hamıdan çox sevinən mənəm. Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizdə payı olan Azərbaycan Ordusunun zabiti kimi qürurluyam ki, mən həm də "Azərbaycan" qəzetində Elgünün davamçısı oldum və şəhid qardaşımızın qisasını alıb qazi kimi redaksiyamıza qayıtdım. Qürurluyam həm də ona görə ki, geriyə əliboş dönmədim. Ali Baş Komandan İlham Əliyevin məni təltif etdiyi "Qubadlının azad olunmasına görə" medalı məhz Elgünün ölməz ruhu üçün ən əziz xatirə nişanı oldu. Çünki Elgün Qubadlıda doğulub boya-başa çatmışdı. Bu torpaqların azadlığı uğrunda canından-qanından keçmişdi ki, onun sakinləri şad-xürrəm yaşasınlar".

Keçmiş məcburi köçkün olan Yasəmən Musayevanın sözlərinə görə, parlaq Qələbəmiz, həm də 30 ildir ki, torpağından didərgin düşərək Vətəndə qəribçilik çəkən insanlarımızın nisgilinə son qoydu. O deyib: "Mən də Vətənimə - Kəlbəcərə ziyarətə getdim, o yerlərimizi bir daha dünya gözü ilə gördüm. Eyni zamanda, jurnalist olaraq azad torpaqlarımızdan ilk reportajımı hazırladım. Bugünkü müsabiqədə məhz həmin yazılarımla qalib seçildim. Bu sadaladıqlarım isə mənim üçün böyük xoşbəxtlik, bir zamanlar bəlkə də gerçəkləşməsi çətin görünən möcüzənin özüdür".

Şəhid Elgün İsmayılovun atası, Əməkdar jurnalist, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Vətən uğrunda canlarından keçən hər bir şəhidin şərəfli ömrünün örnək olmasını təbliğ edən "Azərbaycan" qəzetinin baş redaktoruna və kollektivinə ailəsi adından təşəkkürünü bildirib. Şəhid atası vurğulayıb ki, Elgünün xatirəsinin ona doğma olan iş yoldaşları tərəfindən hər zaman ehtiramla yad edilməsi, redaksiyada xatirəsinə həsr olunmuş müsabiqənin keçirilməsi onu çox qürurlandırır.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində milli qürurumuzu geri qaytardığını diqqətə çatdıran şəhid atası deyib: "Bu sevinci, bu qüruru bizə yaşadan isə şəhidlərimiz, Ali Baş Komandanın rəhbərliyi ilə döyüşlərə qatılan rəşadətli Ordumuzdur. Övladım Elgün Murov dağın Ömər aşırımında şəhadətə yüksəlmişdi. İkinci Qarabağ savaşında Ordumuzun ilk uğurlarından biri də oğlumun şəhid olduğu məhz həmin yüksəkliyin işğaldan azad edilməsi idi. O zaman mən bir şəhid atası kimi sevindim və qürurlandım ki, Elgünün qisası alındı, onun qanı yerdə qalmadı. Şükürlər olsun ki, şəhidlərimizin ruhu şaddır, uzun illər düşmən tapdağı altında qalan torpaqlarımız indi Prezident İlham Əliyevin də dediyi kimi, cənnətə çevrilir".

D.İsmayılov vurğulayıb ki, bu ənənənin davam etdirilməsi Elgünün ailəsi üçün qürurvericidir.

Qeyd edək ki, 1974-cü il noyabrın 16-da Bakıda dünyaya göz açan Elgün İsmayılov 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərilən Elgün Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılıb.

1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirilib. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın Fəxri fərmanına layiq görülüb. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də olub. Burada düşmən hücumuna məruz qalan igid kəşfiyyatçı son nəfəsinə qədər döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalıb. Elgün İsmayılov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

AZƏRTAC