Şəhid Əliqismət bulağı
Sosial həyat

Şəhid Əliqismət bulağı

İkinci Qarabağ müharibəsində haqq savaşımızda qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza şanlı qələbə sevinci yaşadan Vətənin igid oğullarından biri də Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Əliqismət Yaqubludur. Lerik rayonunun Kələxan kəndində dünyaya göz açan Əliqismət, canını Vətəninə fəda edəndə ömrünün 28 ilini yaşayırdı. O, müharibənin ilk günündən misilsiz şücaət göstərir, saysız düşmənləri məhv etməklə zəfərimizdə silinməz izlər qoyub. Baş leytenant ölümündən sonra Şuşanın, Xocavəndin, Kəlbəcərin azad olmasına görə, "Vətən uğrunda" medallarına və "Azərbaycan bayrağı" ordeninə layiq görülüb.

Leriklilər öz igid oğlunu ehtiramla xatırlayır, onunla qürur duyurlar. Şəhərdə onun xatirəsinə bulaq kompleksi ucaldılıb. Bulağın açılış mərasiminə rayon ictimaiyyəti qatılmışdı. Dövlət Himni səsləndi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Rayon icra hakimiyyəti, ziyarətçilər tərəfindən bulaq kompleksinin önünə əklil və tər gül-çiçəklər düzüldü.

Mərasimdə Hüsaməddin Abbasov şəhidin həyat və döyüş yolundan ətraflı söhbət açdı. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirdi ki, Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 30 il işğal altındakı torpaqları erməni faşistlərdən azad etdi. Bu möhtəşəm qələbə şəhidlərin qanı, canı bahasına əldə olundu. Vətənin azadlığı naminə canından keçən qəhrəman övladlarımız xalq tərəfindən böyük ehtiramla yad edilir. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində leriklilər də tarix yazdılar. Əliqismət məhz torpaq naminə göstərdiyi şücaəti ilə bizim üçün əsl qəhrəmanlıq simvoluna çevrildi.

Şəhidin atası Mükafat Yaqubov, şəhidin müəllimləri, sinif yoldaşları çıxış edərək Əliqismətin qısa, lakin şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi şücaətlərdən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışdılar.

Sonda məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər, rayon mədəniyyət mərkəzinin musiqi kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri səslənildi.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.