Şəhid jurnalistlərimiz
Sosial həyat

Şəhid jurnalistlərimiz

Müharibələrdə istər siyasi, istərsə də hərbi baxımdan güclü tərəf qələbə qazanır. Əgər bu dava haqq-ədalət savaşı, milli qürur və ləyaqət məsələsidirsə, o zaman peşə, sənət, kimlik öz mahiyyətini itirərək bir nöqtədə birləşir. Necə ki, Vətən müharibəsindəki qələbəyə gedən yolda xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Hamı bir nəfər kimi silaha sarılıb öz sahəsində dövlətin əsgəri oldu. Kimi ön cəbhədə döyüşdü, kimi də arxa cəbhədə. Ancaq müharibələrdə toxunulmazlıq statusu olan insanlar da var: uşaqlar, qocalar, həkimlər jurnalistlər və b.

İkinci Qarabağ müharibəsində öz vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə yüksələn jurnalistlərimiz də az olmadı.

Belə ki, 1988-1994-cü illərdə Qarabağ müharibəsində 13 jurnalist, mətbuat işçisi erməni terrorçularının hücumuna məruz qalmış, onlardan 9-u şəhid olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova ilk şəhid jurnalistimizdir. Öz qələmi ilə döyüşən, mərdliyi, qorxmazlığı ilə heç də mərd oğullarımızdan geri qalmayan Salatın Əsgərova ən qaynar döyüş bölgələrinə gedir, hadisələri daha təfərrüatlı şəkildə yazmaq üçün əsgərlərin döyüş yolu, apardıqları haqq mübarizəsi ilə yerində tanış olurdu. O, 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmişdir.

Təkcə Xocalı faciəsinin görüntülərini xatırlamaq yetər ki, Çingiz Mustafayevin hansı əqidəyə və düşüncəyə malik olduğunu anlayasan. Bu faciənin dünya mətbuatına çıxarılmasında göstərdiyi əvəzsiz, təkrarsız xidmətlərinə görə Çingiz Mustafayev istər böyük jurnalist ordusunun, istərsə də bu millətin yaddaşında həmişə yaşayacaq. O, susa bilmirdi, bacarmırdı. O dövr üçün Azərbaycanın səsinə çevrilən Çingiz 1992-ci il iyun ayının 15-də Ağdam rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olmuş, ölümündən sonra ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir.

1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotda rəsmi dövlət nümayəndələri ilə yanaşı, mətbuat işçiləri də vardı. "Müqəddəs Şəhidlər Xiyabanında" Dəli bir ağlamaq keçir könlümdən" deyən Alı Mustafayev də görkəmli jurnalist Osman Mirzəyev də, həmin nümayəndə heyətinin tərkibində idi.

30 illik işğal dövründə münaqişənin sülh yolu ilə həll olunmasına çalışsaq da torpaqlarımızın sülh yolu ilə azad olunacağına inanmırdıq. Düşmən tapdağında olan torpaqlarımızı yalnız müharibə yolu ilə təmizləyə bilərdik. Bəli, möhtəşəm Zəfərimizlə son yüzilliklərin ən böyük qələbəsini qazandıq. 44 günlük Vətən müharibəsində 27 jurnalistimiz silaha sarılıb döyüşdü. Onlardan 1 nəfəri - ATV televiziyasının əməkdaşı Davud Qurbanov 2020-ci il oktyabr ayının 5-də şəhid oldu, 2 nəfər isə yaralandı.

Təəssüflər olsun ki, düşmənimiz müharibədən sonrakı dövrdə də öz murdar əməllərindən əl çəkməmişdir. Heç bir müharibə qanunlarına əməl etməyən Ermənistan və onun terrorçu dəstələri dinc əhaliyə və öz vəzifəsini yerinə yetirən mətbuat işçilərinə qarşı hücumlardan çəkinmirlər. Belə ki, 2021-ci il iyun ayının 4-də işğaldan azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində xidməti vəzifələrini yerinə yetirən zaman 2 jurnalistimiz şəhid oldu. Tank əleyhinə minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunublar.

Qələmlərini silaha dəyişən mətbuat işçiləri bu gün də vətənpərvərlik missiyalarını layiqincə yerinə yetirirlər. Bəli, müharibələr kimliyindən, hansı peşə sahibi olmasından asılı olmayaraq, milləti əsgər, döyüşçü kimi formalaşdırır, yetişdirir.

 Ramidə YAQUBQIZI,

 "Respublika".