Şəhid leytenantın büstü ucalıb
Region

Şəhid leytenantın büstü ucalıb

2 aprel 2016-cı ildə Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı şəhid olmuş Mi-24 hərbi helikopterinin ekipaj üzvü, ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən baş leytenant  Əbu Bəkir Vüqar oğlu İsmayılovun Kürdəmir şəhərində, doğulub boya-başa çatdığı evin qarşısında büstü qoyulub.

1990-cı il fevralın 10-da Kürdəmir şəhərində anadan olan şəhid Əbu Bəkr İsmayılov Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunub.

 Büstün açılışında rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, yaxınları qazilər, hərbçilər və sinif yoldaşları iştirak ediblər.

Çıxış edənlər Əbu Bəkr İsmayılovun qısa, lakin şərəfli həyat yolundan bəhs edib, işğalçı düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsini məhv edərək qəhrəmancasına şəhid olmasından söhbət açıblar.

Mərasimdə Aprel döyüşlərində bir sıra strateji əhəmiyyətli yerlərin işğaldan azad olunmasında Əbu Bəkrin xüsusi şücaəti olmasını fəxr və qürur hissi ilə bildirərək, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb,  şəhidlərimizin xatirəsinin həm dövlət, həm də xalq tərəfindən daim əziz tutulduğu qeyd olunub.

Məktəblilər şəhid baş leytenanta həsr olunan şeirlərdən ibarət kompozisiyanı səsləndiriblər.

 Şəhidin anası Rəna İsmayılova çıxış edərək oğlu haqqında xatirələrini  bölüşən və açılış tədbirində iştirak edən həmyerlilərinə öz minnətdarlığını bildirib.


 Tofiq HÜSEYN,

“Respublika”.