Şəhid məzarı qürur yerimizdir
Sosial həyat

Şəhid məzarı qürur yerimizdir

VƏTƏN – ANA, TORPAQ – YUVA...

Şəhid məzarları əmrə müntəzir əsgər kimi sıralanıbdır. Qara, soyuq mərmərdən iti, işıqlı simalar baxır. Sanki gözləyirlər, əmr gəlsə Vətən üçün candan keçməyə hazırdırlar, keçiblər də...Hələ dünənə qədər həyatda idilər, bəzisi universitet auditoriyalarında, bəzisi də sevib-seçdiyi iş başında, evlisi, övlad böyüdəni də var idi, toya hazırlaşanı, min bir arzu ilə yaşayanı da...

Vətən çağıranda biganə qala bilməyiblər, könüllü cəbhəyə yollanıblar. Döyüşüblər, torpağı düşmən tapdağından azad ediblər. Vətən sevgisinə canlarını qurban ediblər, ömürlərini vətənə bağışladılar, qazancları bütöv vətən oldu. İndi onlar Vətənin tarixində yaşayırlar. Qara daşa üzağlığı gətirən əsgər siması, əsgər sırasını xatırladan bu qəbirlər Vətən müharibəsində doğma torpaq, milli mənəmlik naminə erməni qəsbkarlarına qarşı döyüşlərdə canlarını fəda edən əsgər məzarlarıdır.

Gəncədə Fəxri Xiyabanda Birinci Qarabağ döyüşlərində Gəncənin düşmənlə mərdliklə vuruşan, vətən naminə canından keçən 364 əsgərin məzarı ilə İkinci Vətən müharibəsində həlak olan 107 nəfər şəhid-əsgərimizin və müharibə zonasından çox-çox uzaqlarda yaşayan, azğın düşmən topuna məruz qalan 26 nəfər mülki şəxsin-uşaq, qoca və qadının məzarları üz-üzə sıralanıb...

Gəncənin Fəxri Xiyabanı həmişə insanla dolu olur. Valideynlər, dostlar, vətənə qəlbən bağlı olan insanlar ruhən həmişəcavan şəhidlərimizi “darıxmağa” qoymurlar. Gəlirlər, xatirələrini etiramla yad edirlər. Gəncədə bir ənənə də yaranıb, yeni evlənənlər Fəxri Xiyabana gəlir, Vətən şəhidlərinin ruhuna ehtiram edir, xeyir-dua alırlar.

Hər gün belədir, Fəxri Xiyabana insan axını ara vermir. Aralarında uşaqlar da var. Gəlirlər, doğma torpağımız uğrunda döyüşlərdə canından keçən insanların ruhuna səcdə edir, məzarlar tər qərənfillərə bürünür.

... Fəxri Xiyabana şəhid-əsgərimizi ziyarətə gələn insan axınına qarışıb, məzarlıq boyu irəliləyirəm. Mənimlə yanaşı əsgər formasında bir qazi də addımlayır, döyüşdə ayağından yaralanıb, qoltuq ağacına söykəli ağır-ağır hərəkət edir. Ayağından elə bil daş asılıb. Dedim yəqin şəhid-əsgər yoldaşının məzarını ziyarət etməyə gəlib. Fikir verəndə gördüm ki, bütün məzarlar qarşısında dayanır, dodaqaltı öz-özünə pıçıldayır, sanki vətən naminə döyüşlərdə canını fəda etmədiyi, qazi kimi də olsa yaşadığı üçün özünü günahkar bilir, şəhid əsgər məzarlardan yaşamaq haqqı olaraq xeyir-dua alır.

Tanış oluruq, Saleh Məmmədov, sürücü işləyib. Müharibənin ilk günlərindən könüllü cəbhəyə yollanıb, xüsusi hazırlıqlı taborun tərkibində Şuşa, Xankəndi uğrunda döyüşlərdə iştirak edib.

Özündən çox əsgər dostları, döyüş yolları haqqında danışır. Danışır deyəndə ki sanki ürəyinə yazılanları xatırlayır. Ağır döyüşlərdə yaralanan əsgər yoldaşı Mirzə Hüseynov Şuşanın girəcəyində yaralanıb, yaralı əsgər yoldaşını 5 kilometr çiynində daşıyıb. Yaralı Emin Cəbrayılovu döyüş zonasından, güllə yağışının altından çıxarıb.

Saleh Məmmədov müharibənin sonuncu gününədək döyüşlərdə iştirak edib. Artıq ayağından aldığı yara dərinləşdiyi üçün noyabrın 8-də tərxis olunub.

Ürəyinin üstündə gəzdirdiyi medallara baxıram. Saleh döyüşlərdə göstərdiyi fədakarlığa görə “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Kantuziyalı, yarımcan qazi ilə ağır-ağır məzarların arası ilə addımlayırıq. Bir məzarın qarşısında dayandı.

- Əsgərov Taqi Nizami oğlu çox cavan idi, cəmi 19 yaşı vardı, amma illərin əsgəri kimi döyüşürdü, sanki səngərdə doğulmuş, səngərdə böyümüşdü. Düşmən əsgərlərinə göz dağı idi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad olunmasında əsl topçu məharəti göstərdi, o nəhəng qurğudan ov tüfəngi kimi çevikliklə istifadə edir, düşməni “gözündən” vururdu. 9 noyabr Xankəndi şəhəri istiqamətində gedən döyüşlər sonuncu oldu, şəhidlik zirvəsinə yüksəldi.

Söhbətə ara verdi. Əli ilə soyuq mərmər üzərində həkk olunmuş medalları oxşadı. Ölkə başçısının sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallar alıb. “Cəsur döyüşçü” medalı da mükafatlar sırasındadır. Hamısına da ölümündən sonra layiq görülüb.

Cavan idi, yaşasaydı Qarabağın azad olunduğu gün qaliblər sırasında yerimək onun da haqqı idi. Əlamətdar günlərdə döşündə medalları sıralayar, sıranın önündə qürurla dayanar, böyüməkdə olan nəsil də ondan örnək alardı.

Yenə səssiz addımlayırıq. Dərin xəyala dalıb heç nə danışmır. Bir müddət sonra yenidən tanışlığı davam etdirir:

-Bu da Raufun məzarıdır, Əsgərov Rauf Vaqif oğlunun... Aqrar universitetini bitirib, hərbi kafedrada hazırlıq keçib, leytenant rütbəsi ilə hərbi xidmətini də başa vurmuşdu. Amma müharibə çağrışına biganə qala bilmədi. Zabit kimi Füzuli və Xocavənd rayonları istiqamətində döyüşlərdə iştirak etdi. Füzuli döyüşlərində düşmən gülləsinə tuş gəldi. Sinəsini “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları bəzəyir.

Daha bir şəhid haqqında danışır. Hüznlüdür, amma elə qürurla, elə avazla danışır ki, sanki ağı deyil, qəhrəmanlıq dastanı söyləyir.

- Bu da Bürcəliyev İlqardı. Ayrı oğul idi. Tanıyarsan, xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəvəsidir. Yaxşı futbolçu idi, “Kəpəz”də, “Zirə” də oynamışdı. 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi. İndi doğmaları onun iyini “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medallarından alırlar.

Məzar sırası ilə addımladıqca hər bir şəhid haqqında dəqiq məlumat verir: Ceyhun Abbasov taborun snayper qrupunun komandiri idi, Nurlan Bağırovun cəmi 20 yaşı vardı, Füzuli ərazisində döyüşlərdə şəhid olub, Həsən Bayramovun sinəsini beş medal bəzəyir, Röyal Cəfərovun da sinəsinə beş medal “həkk” olunub, Məhəmməd Hüseynov, Səxavət Həsənov və Ruslan Hümbətov da cəbhədə göstərdikləri igidliyə görə beş medalla təltif olunublar. Kənan Həsənov, Ruslan Hümbətov, Röyan Hüseynov, Məhəmməd Hüseynov, Bəhruz İsgəndərov, Rabil İsmayılov, Rəmal Qasımov, Eltac Quliyev, Elşad Mahmudov, Anar Məmmədov,Vüsal Məmmədov, Elcan Muradov, Elnur Nəcəfov, İsə Orucov, Mirhüseyn Seyidzadə...hansını deyim, 107 vətən oğlu, 107 Vətən naminə şəhid...

Düzü Vətən müharibəsi qazisinin bu bilgisi, şəhid əsgərlərimizə belə sonsuz etiramı qəlbimi dağa döndərdi. Sanki bütün bu şəhid-əsgərlərlə bir hissədə döyüşmüşdü.

Sonra bir müddət susdu.

Sükutu mən pozdum:

- Bu uşaqları belə yaxından tanıyırsan, sanki bir taborda vuruşmusan,-deyə soruşdum.

- Yox – dedi, bir müddət susub, əlavə etdi:

- Hər gün burdayam, bir-bir ziyarət edirəm, doğmaları ilə dərdləşirəm. Hamısının tərcümeyi-halı ürəyimə yazılıb, əzbər bilirəm. Xalqımız da onların ruhuna ehtiramla yanaşır, hər gün burada insan izdihamı yaşanır. Hərdən uşaqlara da rast gəlirəm, yaxşı olar ki, tez-tez gəlsinlər. Bu ümumxalq ehtiramını görsünlər, vətən sevgisini, vətən üçün candan keçməyin qürurunu dərk etsinlər.

Vətən müharibəsindəki qələbəmizə hər bir insan öz töhfəsini verdi. Vətən naminə canından keçənlər də oldu, yaralanıb cəbhədən yarımçıq qayıdanlar da...

44 günlük müharibə dövründə sanki bütün ölkə bir nəfər kimi qələbə ab-havası ilə yaşadı, hər bir insan ölkə başçısının arxasında mətin dayandı. Bu ümumxalq coşqusunu, vətənpərvərlik ruhunu ölkə başçısının, Ali Baş Komandanın qətiyyəti, siyasi səriştəsi və uzaqgörənliyi tamamladı.

Bu müharibədə biz təkcə azğın erməni ilə vuruşmurduq. Dünya televiziyalarının, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri müharibənin gedişini çox diqqətlə izləyirdilər. Bir fakt qeyd olunmalıdır ki, Ali Baş Komandan müharibə dövründə və sonradan 30-dan artıq ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verdi. Onların arasında haqq işimizə inanan, qələbəmizə sevinənlər də var idi, xüsusi hazırlıq keçmiş agentura nümayəndəsi kimi şantajçı, iyrənc suallarla çaşqınlıq yaratmaq istəyənlər də. Müsahibələrin böyük əksəriyyətinin mahiyyəti göstərdi ki, bəzi düşmən ölkələri tərəfindən informasiya blokadasına alınmışıq, haqq işimizə kölgə salmaq, ölkəmizi qəsbkarlıqda günahlandırmaq iddiası çox güclüdür. Amma ölkə başçısı, Ali Baş Komandan ayıq-sayıq və qətiyyətli idi, dostu da, düşməni də yaxşı tanıyırdı. Müharibə və onun əsl mahiyyətini, düşmənin işğalçılıq siyasətini ifşa edən müsahibələri dünya insanını bizim haqq mübarizəmizə bir daha inandırdı. Bu müsahibələr düşmən mövqeyində olanları susmağa məcbur etdi, əsl həqiqəti bilmədiyindən tərəddüd edənləri inandırdı, işğalçılıq siyasətinin əsl mahiyyətini dünya insanına göstərdi. Dünyanın demək olar ki, bütün ölkələrində müharibə haqqında ermənilərin uydurduqları mifi parçaladı, əsl həqiqəti bəyan etdi.

Ölkəmizdə şəhid ruhuna ehtiram çox böyükdür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev vətənpərvərlik hissinin yüksək olmasını, gənclərin vətənpərvər ruhda böyüməsinin vacibliyini xüsusi vurğulayır: “Torpaqları işğal altında olan ölkə hər an müharibəyə hazır olmalıdır. Müharibədə isə silahdan da öncə vətən sevgisi, vətənə bağlılıq, vətənpərvərlik əsas rol oynayır. Cəmiyyətdə vətənpərvərlik hissinin daim yüksək olması, gənclərin vətənpərvər ruhda böyüməsi lazımdır”.

Şəhid-əsgər məzarı Vətən sevgisi, Vətənə bağlılıq, Vətən üçün fədakarlıq rəmzidir, qürur yerimizdir, vətənpərvərlik ruhu aşılayan ən bariz nümunədir.

 - Sağ ol qazi, sağ ol köhnə döyüşçü... Budur, vətən sevgisi, budur, şəhid ruhuna ehtiramın ifadəsi.

Özümlə götürdüyüm Gəncə şəhidləri haqqında Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Gəncə Bölməsi tərəfindən yenicə nəşr olunmuş “Vətən müharibəsi, Gəncə şəhidləri” kitabını keçmiş əsgərə, qaziyə bağışladım.

Aldı, açdı, bir-bir şəhid tərcümeyi-hallarına, fotolara baxdı. Sonra müqəddəs kitab kimi öpüb gözünün üstünə qoydu.

- Sağ olsun Ali Baş Komandan, şəhid ruhuna, ailələrinə, döyüşlərdə sağlamlığını itirmiş qazilərə, cəbhə üçün əlindən gələni etmiş hər bir insanımıza diqqətlə yanaşır, hər cür qayğı göstərilməsinə şəxsən nəzarət edir. Budur, doğma torpağına, əsgərinə etiramın ifadəsi, qələbəmizin nüvəsində də Prezident-xalq, xalq-Prezident birliyi durur.

Torpaq uğrunda ölən varsa, Vətəndir – deyirlər. Bu məzarlarda uyuyanlar da Vətəni vətən edənlərdir. Vətəni ana bildilər, doğma torpağı əbədi yuva seçdilər. Zaman ötəcək, nəsillər dəyişəcək, amma şəhid-əsgərin ruhuna ehtiram, müqəddəs xatirələri ürək döyüntülərimizdə yaşayır və yaşayacaq, Azərbaycanımız kimi əbədi var olacaq.

Vaqif TANRIVERDİYEV,

Gəncə.