“ŞƏHİD OLSAM, XƏBƏRİ VƏTƏN SİZƏ VERƏCƏK”
Sosial həyat

“ŞƏHİD OLSAM, XƏBƏRİ VƏTƏN SİZƏ VERƏCƏK”

Sübhan 2001-ci ilin iyul ayının 26-da Masallı şəhərində dünyaya göz açıb. Yaşadığı ata ocağı Masallı şəhərinin Həzi Aslanov küçəsində yerləşirdi. Orta təhsilini 20 Yanvar şəhidi İsbəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbdə almışdı. Sübhanda Vətənə məhəbbət, torpağa sevgi məktəb illərindən yaranmışdı. “Vətən və torpaq şəhidləri ilə ucalır” kəlməsi yeniyetməlik çağlarından ruhuna hopmuşdur.

Sübhan idmana böyük maraq göstərirdi. Masallı şəhərindəki Uşaq Gənclər İdman Məktəbində cüdo ilə məşğul olur, rayon və zona yarışlarında fərqlənirdi.

2019-cu ildə  Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçdi. Quru qoşunların tərkibində Türkiyə ordusu ilə birgə Mingəçevir və Yevlax şəhərlərində keçirilən təlimlərdə iştirak etdi. Tovuz istiqamətində düşmənin təxribatının qarşısının alınmasında cəsur kəşfiyyatçı və mahir snayper kimi tanındı.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində könüllü döyüşmək istədiyini komandirlərindən israrla xahiş etdi. Gənc əsgər həmlə bölüyünün tərkibində Füzuli, Ağdərə, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə mərdlik, cəsarət, igidlk göstərdi. Bacarıqlı snayper idi. Sərrast atəşlə dəfələrlə düşmən mövqeyini susdurmuşdu. Dostları igidliyinə görə onu “Qırğıgöz” çağırırdılar.

Sentyabr ayının axırlarında atası ilə telefonla danışıb ondan halallıq almışdı: “İnşallah irəli gedirik, haqqınızı halal edin”. Dayısı oğlu İsmayıla isə deyib: “Şəhid olsam, xəbəri Vətən sizə verəcək”. Oktyabr ayının 2-də Suqovuşan istiqamətində strateji mövqeyi almaq uğrunda ağır döyüşlər gedirdi. Sübhan və döyüşçü dostları həmlə bölüyünün tərkibində düşmənin müqavimətini qırdılar. Lakin yeraltı beton tuneldə gizlənən düşmən onları qəfildən atəşə tutdu. İrəlidə gedən komandirin yaralandığını görən Sübhan kömək üçün özünü ona yetirdi. Bu vaxt yağı düşmənin snayper gülləsi ilə boğazından ölümcül yaralandı. Bu, Sübhanın son döyüşü oldu. Nəşi 2 aydan sonra tapıldı. Dekabr ayının 7-də Masallı şəhərinin İsgəndərli qəbiristanlığında böyük izdihamla torpağa tapşırıldı.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Silahlı Qüvvələrin hərbi qulluqçusu Sübhan Rauf oğlu Həsənov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu.

Bu günlərdə Masallı şəhərində şəhidin anım mərasimi keçirildi. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov​ və icra aparatının məsul işçiləri,​ rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələrinin üzvləri, qazilər, şəhər​ sakinləri mərasimdə iştirak edirdi.

Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov tədbir iştirakçıları ilə birlikdə şəhidin ailəsini ziyarət edib ailənin qayğıları ilə maraqlandı. Dövlətimizin şəhid ailələrinin hər zaman yanında olduğunu vurğulayan icra başçısı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Sübhan kimi oğulların xalqımıza böyük qələbə, zəfər sevinci yaşatdıqlarını, onların ürəklərdə, yaddaşlarda əbədi qalacaqlarını söylədi.

 Şəhidin atası Rauf Həsənov diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Əlisəfa HƏSƏNOV, 

“Respublika”.