Şəhid övladları üçün ikinci “YAŞAT
Sosial həyat

Şəhid övladları üçün ikinci “YAŞAT" düşərgəsi başlayıb

İyulun 4-də Şabran rayonunda yerləşən "Qalaaltı Hotel & Spa" otelində "YAŞAT" Fondu və "ASAN Könüllüləri" Təşkilatı tərəfindən şəhid övladları üçün təşkil olunan ikinci "YAŞAT" düşərgəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Qalaaltı Hotel & Spa"nın baş direktoru Nazim Süleymanov iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər şəhidlərimizin, qəhrəman Vətən övladlarının əziz xatirələrinin daim ehtiramla yad edildiyini bildirib, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqət və dəstəyin vacibliyini diqqətə çatdırıblar.

Qeyd edilib ki, "YAŞAT" düşərgəsi uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri, o cümlədən istirahətlərini səmərəli keçirmələri üçün faydalı olacaq.

Ümumilikdə avqustun sonuna kimi 300-dən çox uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramı nəzərdə tutulub. Hər düşərgə 5 gecə 6 günü əhatə edəcək.

Düşərgədə şəhidlərimizin 10-11, 12-14, 15-17 yaş kateqoriyasında olan övladları iştirak edirlər.

Düşərgələrdə "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi, İnnovasiyalar Mərkəzi MMC tərəfindən təlimlər, "Hackathon", habelə digər yarışlar və görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Hər düşərgədə tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.

Uşaqlar düşərgə boyu sığortalanacaqlar. İştirakçılar davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar keçiriləcək, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb ediləcəklər.

Şəhidlərin 10-11 yaşlı övladlarını əhatə edən Şabrandakı düşərgənin birinci günündə iştirakçılar üçün art-terapiya təlimi, əyləncə saatı, komanda və psixoloqlarla tanışlıq kimi tədbirlər təşkil olunub.

AZƏRTAC