ŞƏHİD ÖVLADLARI ÜÇÜN İSTİRAHƏT DÜŞƏRGƏSİ
Region

ŞƏHİD ÖVLADLARI ÜÇÜN İSTİRAHƏT DÜŞƏRGƏSİ

Azərbaycanda bəşəriyyətin kövrək zümrəsi olan uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin başlıca prinsipləri onların  keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.   Bu gün şəhid ailələrinin üzvləri, uşaqları  dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir. Fond tərəfindən  genişmiqyaslı tədbirlər həyata keçirilir.

Bəli, dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır. Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, qalib və müstəqil ölkənin övladlarıdırlar. Ölkəmiz möhtəşəm Zəfər qazanıb. Tarixi torpaqlarımız öz sakinlərini qarşılamağa hazırlaşır. Tezliklə işğaldan azad olunan torpaqlarımızda xoşbəxt uşaqların xoş səsləri eşidiləcəkdir.

Goranboy Olimpiya İdman Komleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, YAŞAT Fondunun təqdim etdiyi müvafiq adlı siyahı, rayon icra hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə dəstəyi ilə, Gəncə, Mingəçevir şəhərləri, Yevlax və Goranboy rayonlarından olan şəhid övladları üçün 05-09 dekabr 2022-ci il tarixini əhatə edən istirahət düşərgəsi təşkil olunub. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev düşərgədə olan şəhid övladları ilə görüşüb, onlarla səmimi söhbət edib, ailələrindəki sosial qayğılarla maraqlanıb, onlar üçün istirahət düşərgəsində və rayonun ekskursiyası üçün yaradılan şəraitlə yaxından maraqlanıb. Sonra şəhid övladlarına hədiyyələr verilib.

Zabit XƏLİLOV,

“Respublika”.