ŞƏHİD ÖVLADLARININ BAYRAM SEVİNCİ
Region

ŞƏHİD ÖVLADLARININ BAYRAM SEVİNCİ

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların övladları üçün Lənkəran şəhərində bayram şənliyi təşkil olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov uşaqlara təbriklərini, xoş arzularını çatdırıb. Bildirib ki,  ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikri dövlətimizin uşaqlarla bağlı yürütdüyü siyasətin ana xəttini təşkil edir. 

Ölkəmizdə uşaqlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Uşaqların layiqli həyat səviyyəsinin təmin olunması və sağlam böyüməsi üçün lazımi tədbirlər həyata keçirilir. Uşaq hüquqlarının qorunması ilə bağlı kifayət qədər qanunvericilik bazası mövcuddur.

İcra başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid övladlarına xüsusi həssaslıqla yanaşdıqlarını və onların problemlərinə yüksək diqqət yetirdiklərini vurğulayıb.

Qəhrəman ataların sevimli övladlarının şənlik etməyə, sevinməyə daha çox mənəvi haqları var. Onlar başlarını dik tutaraq igid, qəhrəman ataları ilə fəxr etməlidirlər. Bayram münasibətilə şəhid övladlarının analarının bank hesablarına maddi yardımlar köçürülüb, - deyə T.Qaraşov bildirib. 

Bayram tortunu şəhid övladları ilə kəsən icra başçısı onlarla rəqs edib və xatirə şəkli çəkdirib.

Şəhidlərin ömür-gün yoldaşları ailələrinə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edərək övladlarını ataları kimi mərd, mübariz, vətənpərvər ruhda böyüdəcəklərini bildiriblər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.