Şəhid uşaqları üçün yay düşərgəsinin birinci mərhələsi yekunlaşıb
Digər xəbərlər

Şəhid uşaqları üçün yay düşərgəsinin birinci mərhələsi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişi və dəstəyi ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil edilən növbəti yay istirahət düşərgəsinin birinci mərhələsi başa çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 70 nəfərdən ibarət ilk qrup iyulun 29-dan avqustun 3-dək Qubada yerləşən istirahət mərkəzində dincəlib.

Həmin müddət ərzində şəhidlərimizin övladları rayonun tarixi və gəzməli yerlərinə ekskursiya ediblər. Həmçinin bir sıra "Axtar-tap", "Bionika", "Ebru", "Mini Survivor" və s. kimi əyləncəli interaktiv təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Düşərgədə onlarla interaktiv oyunlarla yanaşı, su idmanı və istirahəti, eyni zamanda, müxtəlif psixoloji seanslar təşkil edilib.

Düşərgənin son günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi əyləncəli idman oyunları və "Xəmsə" intellektual təlimində iştirak edərək sertifikatlar əldə ediblər.

Növbəti mərhələdə daha 70 nəfər yay düşərgəsinə yola salınacaq.

Layihə ümumilikdə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşayiət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək.

AZƏRTAC