Şəhid vəsiyyəti
Sosial həyat

  Şəhid vəsiyyəti

Azərbaycan xalqının Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük tarixi Qələbə qazanması hamımıza sonsuz sevinc və qürur hissi yaşatdı. Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Neçə-neçə igid oğullar  torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Şəhidlərimizin keçdikləri qısa, keşməkeşli yollar göstərdi ki, onlar bu şərəfli zirvəyə güclü iradəsi, əqidəsi, xarakteri ilə yüksəliblər. Odur ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bu gün hər kəsə örnəkdir. Şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Onların ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır.

Şəhidlərimiz unudulmaz qəhrəmanlığı, şücaəti  ilə əbədiyyətə qovuşdular, Vətənin çətin məqamlarında edə biləcəkləri son borclarını şərəflə yerinə yetirdilər. Ana Vətəni, torpağı, ailələrini, övladlarını belə unutmadılar. Son nəfəslərində etdikləri vəsiyyətlərlə də yaddaşlarımıza həkk olundular. Odur ki, bir neçə şəhidimizin vəsiyyətini oxucularımızla bölüşürük.   

2010-cu il iyunun 19-da şəhidlik zirvəsinə yüksələn  Azərbaycanın  Milli Qəhrəmanı Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunda bildirirdi: “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Azərbaycan Ordusunun kiçik çavuşu İsa Rüfət oğlu Həsənov İkinci Qarabağ müharibəsində Talış yüksəkliyi, Suqovuşan və Füzuli uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Şəhid yoldaşlarından danışan İsa Həsənov xüsusilə bir məqama diqqət çəkib: "Xidmət yoldaşım gözümün önündə snayper gülləsinə tuş gəldi. Son nəfəsində vəsiyyət etdi ki, arada bir xəstə anama baş çəkərsiz”.

Şəhid Elvin Abdurahmanovun atası Əbülfəz Abdurahmanov: "Oğlum nişanlı idi, növbəti il toy edəcəkdik. Şəhid olandan sonra telefonunu bizə verdilər. Qardaşlarına vəsiyyət edib ki, nişanlımı  öz bacınız kimi qəbul edin, onu  unutmayın. Əgər mənə nəsə olsa, qırmızı flaşkartımda şəkillər var. Onlar silinib. Elçin, Məcnun, onları geri qaytarın, xatirə olaraq qalsın! Vətən yolunda şəhid olsam, Atama, anama yaxşı baxın! Vətənimizə, bayrağımıza, millətimizə bağlı namuslu oğullardan olun inşallah! Hər kəsin həyatda bir arzusu var. Mənim də qəlbimdə ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Allaha əmanət olun, canım qardaşlarım!".

Vətən uğrunda şəhid olanlardan biri də Şixmuradov Kamil Şixəmməd oğludur. Anasının sözlərinə görə, sonuncu dəfə məzuniyyətə gələndə dedim ki, ay oğul, uşaqların atası yanlarında gərək. Böyüyürlər,  səni istəyirlər, burda ol, yanlarında ol. Gözlərimə baxdı, dedi ki, məni sən belə tərbiyə edibsən. Oğlumu da mənim kimi vətənpərvər böyüdərsən. Uşaqlarım sənə əmanətdir. Dedi və getdi.

Azərbaycan Ordusunun kapitanı Fərid Dursunov da 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan  Vətən müharibəsi  zamanı  Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlər  zamanı şəhid olub. Fərid "Qalatasaray" Futbol Klubunun sadiq fanatlarından idi. O, Vətən müharibəsi zamanı döyüşlərə qatılmazdan əvvəl şəhid olacağı halda məzarının yanında  Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ın bayrağının ucaldılmasını vəsiyyət edib. Onun vəsiyyətinin sosial medialarda ictimailəşəndən sonra "Qalatasaray" Futbol Klubu özünün rəsmi tviter hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşır və başsağlığı mesajını yayımlayır.

Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan  Prezidenti İlham Əliyevin sərəncamları ilə müxtəlif medallarla təltif olunan hərbçilərimizdən biri də biləsuvarlı igid döyüşçü şəhid Məhəmməd Əmənovun atasının sözlərinə görə, Milli Qəhrəman Mübariz İbrahimovun igidliyi Məhəmmədi daha da ruhlandırıb: “Məhəmməd deyirdi ki, mən də Mübariz kimi qəhrəman olacağam. Elə ona görə də hərbi xidməti başa vurduqdan sonra yenidən sənədlərini verib, gizir kimi Vətənin keşiyində durdu”. Ata oğlunun döyüşlərə dostu ilə birlikdə getdiyini bildirib: “Dostu da tank komandiri kimi Qubadlı istiqamətində döyüşürdü. Dostu şəhid olmamışdan bir neçə saat əvvəl mənə zəng edib Məhəmmədi soruşdu, yaralandığını bildirsəm də, qəhərləndiyini hiss etdim və mənə son vəsiyyətini elədi... Aprel döyüşlərində də iştirak edən Məhəmməd düşmənə ordumuzun iradəsini göstərən döyüşçülərdən olub. O, sonuncu dəfə ailə üzvləri ilə 2020-ci il oktyabrın 19-da danışıb. Oktyabrın 20-də ağır döyüşə qatılacaqlarını bildirən igid döyüşçü anasına son vəsiyyətini edib: “Şəhid olsam, mənim üçün ağlamayın...”

Kapitan Emin Mahmudov 44 günlük Vətən müharibəsində hünər və şücaətilə yadda qalıb. 2020-ci il oktyabrın 11-i Hadrut istiqamətində döyüş yoldaşlarını mühasirədən çıxararkən şəhid olub. Şəhadətə qovuşandan bir neçə ay sonra  Eminin üçüncü  qız övladı dünyaya gəlir. Ona atasının vəsiyyətinə uyğun olaraq Zeynəb adı verilib. Eminin həyat yoldaşı  Aytac Mahmudova şəhid yoldaşı ilə qürur, fəxr etdiyini bildirib: “Emin demişdi ki, mən övladımı təmtəraqla xəstəxanadan çıxaracağam. Özü olmasa da, yaxınları arzusunu yerinə yetirdilər. Biz də onun vəsiyyətinə əməl edərək öz istədiyi adı övladına verdik. Şəhid olmamışdan qabaq demişdi, oğlum olsa, adını İlham, qızım olsa, Zeynəb qoyarsız. Eminin arzularından biri də oğlunu hərbçi görmək olub”.

Vətən müharibəsində son nəfəsinədək döyüşən və Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilən qəhrəman zabitlərimizdən biri də leytenant Zaur Hüseynovdu. Füzuli rayonunun Alxanlı kəndi istiqamətində düşmənin yeddi postunun alınmasında fəal şəkildə iştirak edən leytenant hələ iyul ayında Tovuz döyüşlərinin də iştirakçısı olub. Ailə üzvlərinin sözlərinə görə, o, heç vaxt döyüşdə olduğunu evdəkilərə bildirməyib ki, narahat olmasınlar. Şəhidin anası oğlu Zaurla qürur duyduğunu, onun əsgərləri üçün komandir yox, böyük qardaş olduğunu, ailəsi üçün də mərd, cəsur oğul olduğunu fərəhlə dilə gətirir. Şəhid zabitimizin qısa ailə həyatından yadigar qalan bir yaşlı qızı Zeynəb ailənin təsəlli yeridir. Onun döyüş yoldaşlarına son sözü və vəsiyyəti:  “Zeynəbimi həmişə axtararsınız” olub.

M.MİRZƏ,

“Respublika”.