ŞƏHİD XATİRƏ BULAĞI
Region

ŞƏHİD XATİRƏ BULAĞI

İmişli Şəhər İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nuriyev Vüqar Hafis oğlunun doğum günündə adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirildi.

Mərasim iştirakçıları Vüqarın şəhər qəbiristanlığında məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxudular. Vüqar Nuriyevin yaşasaydı 21 yaşı olacaqdı. O, 29 sentyabr 2000-ci ildə İmişli rayonunda anadan olub. 2007-2018-ci illərdə 3 saylı tam orta məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Hafis oğlu Nuriyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatirə bulağının açılışında RİH başçısı Elçin Rzayev çıxış edərək bildirdi ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin qəhrəmanlığı Azərbaycan xalqının əzmini, mərdliyini göstərir. Rayon icra başçısı Vüqarın valideynlərinə Vətənimiz üçün gərəkli övlad böyütdüklərinə görə təşəkkür edərək, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırdı. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirdi. Millət vəkili Razi Nurullayev çıxış edərək bu cür bulaqların inşa olunmasının əsas məqsədini şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaq olduğunu vurğuladı.

Ərəstun ABDULOV,

“Respublika”.