Şəhid xatirə bulaq kompleksi
Region

Şəhid xatirə bulaq kompleksi

Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan kapitan Niyət Şirəliyevin xatirəsinə Şamaxı rayonunun Ovçulu kəndində bulaq kompleksinin açılışı olub.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxışlarda şəhidin şərəfli həyat və döyüş yolu barədə danışılıb, Vurğulanıb ki, Niyət və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Niyət Şirəliyev 1990-cı ildə Şamaxı rayon, Ovculu kəndində anadan olub. Orta məktəbdən sonra hərbi təhsil alaraq zabit kimi ordu sıralarında Vətənin keşiyində durmağa başlayıb.

Kapitan Şirəliyev 2020-ci ildə Vətən müharibəsi başlayanda ön cəbhəyə yollanıb. Səngərlərdə düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub.

Doğmaları qeyd edir ki, müharibə zamanı vaxt tapdıqca ara-sıra ailəsi ilə əlaqə saxlayar, hər şeyin yaxşı olduğunu deyərmiş. Sentyabrın 26-da həyat yoldaşı ilə danışan şəhidimiz uşaqlarını ona əmanət edib, ailəsi ilə vidalaşıb.

Bu onun son zəngi olub. Cəsur kapitan rəhbərlik etdiyi şəxsi heyətlə birgə Kəlbəcər ərazisində yerləşən bir sıra yüksəkliklərin düşmən tapdağından azad edilməsində əvəzsiz xidmətlər göstərib, son damla qanına qədər qəhrəmanlıqla vuruşub. Niyət Şirəliyev sentyabrın 27-si şiddətli döyüşlərin birində şəhadətə yüksəlsə də nəşi 86 gün sonra tapılaraq Şamaxının Şəhidlər xiyabanında dəfn edilib. Niyətdən geriyə isə Vətənə əmanət iki övladı qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyət Şirəliyev ölümündən sonra "Rəşadət" ordeni, "Kəlbəcərin azadlığı uğrunda", "Vətən müharibəsi iştirakçısı" "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

M.QULUYEV,

"Respublika".