Şəhidin ailə üzvləri ilə görüş
Sosial həyat

Şəhidin ailə üzvləri ilə görüş

Ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Göygöl Rayon İcra Hakimiyyətində də torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi görüşlər keçirilir, evlərində ziyarət olunurlar.

Göygöl Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən şəhid Məmmədov Samir Ramiz oğlunun ailə üzvləri qəbul edilibdir. Şəhid ailəsinin müraciəti diqqətlə dinlənilib. Şəhid ailəsi onlara daim diqqət və qayğı ilə yanaşan ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.

Şəhid Məmmədov Samir Ramiz oğlu 10 fevral 1986-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. 1989-cu ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Zurnabad kəndinə köçmüşdür. 2004-cü ilin aprel ayından 2005-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş Samir Məmmədov 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi nümunəvi xidmət etmişdir. 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə fəal iştirak etmiş, 12 oktyabr 2020-ci il tarixdə Beyləqan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün Göygöl şəhərində adına küçə verilmişdir. Vətən əmanəti 2 övladı var.

Zabit XƏLİLOV,

“Respublika”.