Şəhidin ailəsi ziyarət olundu
Region

Şəhidin ailəsi ziyarət olundu

Bu günlərdə YAP Hacıqabul Rayon Təşkilatının sədri Hafis Bəşirov və partiya fəalları şəhid Balabəyov Pərviz Tofiq oğlunun doğum günü münasibətilə şəhidin ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlandılar. Pərvizin məzarını ziyarət edərək ruhuna dualar oxudular. Şəhidin xatirəsinə hazırlanmış xüsusi hədiyyə anasına təqdim edildi.

Görüşdə YAP Hacıqabul Rayon Təşkilatının sədri Hafis Bəşirov rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışdı və vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını dedi. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini qeyd edən YAP Rayon Təşkilatının sədri bildirdi ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.

Şəhid anası Səbirə Balabəyova onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdi.

Tofiq HÜSEYN,

“Respublika”.