Şəhidin ölümü ayrılıq deyil
Region

Şəhidin ölümü ayrılıq deyil

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Şirvan şəhərində ənənə halını alıb. Ənənənin davamı olaraq 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Ərəbli Rahil Rafiq oğlunun anım günü Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd edildi.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Elvin Balayev, Hacıqəhrəmanlı Bələdiyyəsinin sədri Samirə Abışova, Qafqaz Müsəlmanlar İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Əvəz Mehrəliyev, Ağsaqqallar Şurasının üzvü Hacı Vasif Əlizadə, şəhid ailələri, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzdülər. Torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidimizə Allahdan rəhmət, doğmalarına səbir dilədilər. Azərbaycan xalqı var olduqca qəhrəman şəhidlərimizin də yaşayacağını, hec vaxt unudulmayacağını söylədilər. Tədbirdə bir daha vurğulandı ki, şəhidin ölümü əbədi ayrılıq deyil. Onlar belə vətənpərvər, mərd oğul böyütdüyü üçün şəhidin anası Narıngül xanıma təşəkkürlərini bildirdilər.

Şəhidin anası ağır itki olmasına baxmayaraq, övladının şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Tofiq HÜSEYN,

"Respublika".