Şəhidin xatirəsi dərin hörmətlə anıldı
Sosial həyat

Şəhidin xatirəsi dərin hörmətlə anıldı

27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başladığı ilk gündən minlərlə Vətən övladı kimi Nurəhməd Ulubəyov da könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. O, torpaqlarımızın işğalı ilə heç zaman barışmır, bu anı səbirsizliklə gözləyirdi.

Nurəhməd Hacıbəy oğlu Ulubəyov 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Xətai rayonu 25 saylı tam orta məktəbdə alıb. 2012-ci ildə həmin məktəbi bitirdikdən sonra Lomasov adına Dövlət Universitetinin Bakı filialının iqtisadiyyat fakültəsinə daxil olub. Ali təhsilini aldıqdan sonra 2016-cı ildə hərbi xidmətə yollanır. Hərbi xidmətini bitirir və müxtəlif vəzifələrdə çalışır.

2020-ci il sentyabr ayının 21-də Nurəhməd Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılır. Müharibə başlayan ilk gündən, sentyabrın 27-də Füzuli-Cəbrayıl-Xocavəndin azad olunması uğrunda gedən döyüşlərə qatılır. Oktyabr ayının 7-də Füzulinin azadlığı istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşur, böyük igidlik göstərərək Şəhidlik zirvəsinə ucalır. Onun xatirəsini əbədiləşdirmək üçün yaşadığı binanın həyətində xatirə lövhəsi yaradılıb. Xatirə lövhəsinin açılış mərasimində Xətai Rayon İcra Hakimiyyəti nümayəndələri, şəhidin qohumları, yaxın dostları və döyüş yoldaşları iştirak etdi. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev tədbirdə çıxış edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dönməz qətiyyəti, Nurəhməd kimi qəhrəman Vətən oğullarının qanı və canı bahasına 30 ilə yaxın bir dövrdə erməni işğalında olan əzəli torpaqlarımız azad olundu. Digər çıxış edən tədbir iştirakçıları, o cümlədən döyüş yoldaşları da Nurəhmədin göstərdikləri qəhrəmanlıq və şücaətindən danışdılar, bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər. Qeyd etdilər ki, şəhid və qazilərimizin xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.

Anası Tahirə xanım deyir ki,  onun hər zaman üzü gülürdü. İndi o gülüş onun şəkillərində, xatirəsi də əbədi yaddaşlarda qalıb. Hələ də yolunu gözləyirəm, gözüm hələ də qapıdadı, elə bilirəm döyüşdədir gələcək. Tahirə ana oğlunun yoxluğuna inanmır, daha doğrusu qəbul etmir. Onu da deyir ki, o mənə həm oğul, həm də sirdaş idi. Hər şeyimi ailədə ona deyirdim, onunla həmişə dərdləşirdim. İşğalda olan torpaqlarımızdan söhbət düşəndə həmişə deyirdi ki, ana hər  şey yaxşı olacaq. Torpaqlarımız işğaldan azad olacaq, erməniləri məhv edəcəyik. Deyirdi ki, ana vaxt gələcək sən mənim kimi oğul böyütməyinlə fəxr edəcəksən. İndi başa düşürəm ki, o bu sözləri elə bu gün üçün deyirmiş. Onun dediyi, arzu etdiyi bütün torpaqlarımız, doğma Qarabağımız azad olundu və mən bu gün qəhrəman oğlumla qürur duyuram. Təki Vətən sağ olsun. Şəhidin atası Hacıbəy Ulubəyov da oğlu haqqında xoş xatirələrini dilə gətirir. Vurğulayır ki, çox vətənpərvər, torpağa bağlı bir oğul idi. Qəhrəman, igid oğlumla fəxr edir və qürurlanıram ki, Vətən torpağının erməni vandallarından azad olunmasında mənim oğlum Nurəhmədində payı var. Bütün ailəmiz onunla qürur duyur.

Tədbirin sonunda şəhidin yaşadığı ünvanda büstünün açılışı oldu. Şəhidin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Əli SADIQOV,

“Respublika”.