Şəhidlər, qazilər bizim üçün müqəddəsdir
Digər xəbərlər

Şəhidlər, qazilər bizim üçün müqəddəsdir

Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı siyasət, dövlət başçısının nümayiş etdirdiyi qəti iradə və prinsipiallıq, igid oğullarımızın şücaəti, cəsarəti, böyük Vətən sevgisi öz bəhrəsini verdi. Torpaqlarımızın 30 illik işğalına 44 günlük müharibədə şanlı qələbəmizlə son qoyuldu.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Üç minə yaxın şəhid verdik, minlərlə insan qazi oldu. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsindən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə sosial statusu daha da möhkəmləndi. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial problemlərinin həll edilməsi üçün zəruri tədbirlər görülür. Torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı göstərməklə yanaşı, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ən prioritet sahələrindən biri şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin göstərilməsidir. Ölkə başçısı qeyd edir ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var. Prezident vurğulayıb: "Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək".

Dövlət öz növbəsində ölkənin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən şəhid, yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir. Özü də ayrı-seçkilik qoymadan həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Dövlətimiz onların adını əbədiləşdirir, muzeylər tikilir, abidələr ucaldılır, heykəllər qoyulur, küçələrə onların adları verilir. Əbədiyyətə qovuşmuş şəhidlərimizin ruhu daha da rahatdır desək, yanılmarıq. Çünki dövlət onların ailələrinə, övladlarına, yaşlı valideynlərinə sahib çıxdı. Müavinətlər verilir, mənzil, işlə təminat kimi məsələlər həll olunur, onların hər bir probleminin çözülməsinə dəstək göstərilir. Qayğı ilə əhatə olunan qazilərimizin müalicəsi, reabilitasiyası dövlət hesabına həyata keçirilir.

Qazilərin pulsuz psixoloq xidmətindən yararlanması üçün də reabilitasiya mərkəzlərində hər cür şərait yaradılıb. Əksər qazilər müharibəyə yollanarkən orta məktəb təhsili almışdılar və peşə hazırlığına malik deyildilər. Ancaq buna baxmayaraq, dövlət başçısının tapşırığı ilə onların işlə təminatına dəstək göstərilir və artıq çox sayda müharibə iştirakçısı işlə təmin olunub. Artıq ilyarımdır ki, hamı şəhidlərdən, onların qəhrəmanlığından danışır, illər sonra da danışılacaq. Çünki qanı bahasına Qarabağı bizlərə qaytaran vətən oğullarının adı tariximizə əbədi həkk olunub. İllər keçəcək, haqlarında əsərlər yazılacaq, filmlər çəkiləcək, xalq öz qəhrəmanlarını əbədi qəlbində, yaddaşında yaşadacaqdır.

Qazilərimiz bu müqəddəs adı şərəflə daşıyır, davranışlarında və insanlarla ünsiyyətlərində həmin şərəfli ada hörmətlə yanaşırlar. Ancaq çox təəssüflər olsun ki, cəmiyyətimizdə dövlətin qayğı siyasətini görməzdən gələnlər, hətta bu nəcib işi ləkələməyə cəhd edənlər də tapılır.

Bəzi şəxslər özlərini qazi kimi təqdim edir və bu ad altında layiq olmadığı imtiyazlar əldə etməyə çalışır, buna nail olmadıqda isə müxtəlif dövlət orqanlarını şantaj etməyə, müxtəlif səhnələr quraraq dövlət qurumlarını qınaq hədəfinə çevirməyə cəhdlər göstərirlər.

Təəssüf ki, az da olsa fərqli davranış ortaya qoyan müharibə iştirakçıları və qazilərinə də rast gəlinir. Bəzi hallarda "qazi" adından sui-istifadə hallarına yol verilir. "Qazi" adından istifadə edərək təhqirə yol verənlər də olur. Bu gün bizi ağrıdan bir məsələ var ki, ondan heç cür yan keçmək olmur. Bizim oğullarımız döyüşə gedərkən, nə həlak olacaqlarını, nə də əlil qalacaqlarını düşünməyiblər. Bəzi hallarda döyüşdə yaralanan əsgərimiz tez sağalıb yoldaşlarının yanına qayıtmağa, torpaqlarımızı sonadək düşməndən təmizləməyə can atıb. Onları bu şücaətə bir amal aparıb - təmənnasız Vətən sevgisi. Lakin bəzən şəhid ailəsi, qazi adından sui-istifadə etmək istəyənləri, bəzilərinin bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə adamın qəlbi ağrıyır. Aydındır ki, belə hərəkətlərə yol verənlərin nə qaziliklə, nə də şəhid ailələri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Son vaxtlar qazi adından sui-istifadə edənlərin törətdiyi qanunsuzluqlarla bağlı tez-tez xəbərlər eşidirik. Kimisi nömrəsiz maşın sürür, kimisi əyninə hərbi forma geyinib pul yığır, kimisi də torpaq zəbt edir. Müharibədə iştirak etməyən birisi "qazi" adından istifadə edir. Onlar həm cəmiyyətdə, həm də dövlət qurumlarında qazilərə və şəhid ailələrinə böyük hörmət olduğunu çox yaxşı bilir və bundan öz merkantil maraqları naminə faydalanmağa çalışırlar. Torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak etmədiyi, ömründə əlinə silah götürüb döyüşmədiyi halda özlərini "qazi" adlandırıb dövlətdən haqları çatmayan imtiyazları tələb edirlər. Çirkin yollara əl atıb qazi adından sui-istifadə etmək yolverilməzdir. Belələri həm saxtakarlıq edir, qayda-qanunu pozur, haqsız tələblər irəli sürür, həm də qazi adına ləkə gətirirlər.

"Övladım Vətən yolunda canını verdiyi və şəhidlik zirvəsinə ucaldığı üçün fəxr edirəm" - deyən valideynlərlə qürur duyuruq. Onlar deyirlər ki, bizim övladımız torpaq uğrunda şəhid olubsa, bunun əvəzində kimdənsə nəsə istəməli deyilik. Yəni, yanaşmalar müxtəlifdir. Sui-istifadə halları isə şəhidin adına, ruhuna qətiyyən uyğun deyil. Belələrinə qarşı həm ictimai qınaq olmalı, həm də cəza tədbirləri görülməlidir. Bəlkə də bu cəzalar daha sərt olmalıdır. Çünki onlar hansı müqəddəs adı ləkələdiklərinin, kimlərin əməyini yerə vurduqlarının fərqinə varmırlar. Qazilərin, şəhidlərin adını ucuzlaşdırmaq olmaz, onlar bizim üçün müqəddəsdirlər.

Mustafa KAMAL,

"Respublika".