Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub
Region

Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Omarov Vüsal Şəmsəddin oğlunun və Qurdayev Ömər Şəhmir oğlunun məzarları ziyarət olunub. Qəhrəman oğullarımızın şəhadətinin ildönümü ilə əlaqədar Balakən rayonunda keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısının birinci müavini Turan Dibirov, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri,qazilər, müharibə iştirakçıları, din xadimləri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər.

Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edənlər şəhidlərin döyüş yolundan, qəhrəmanlığından, yüksək vətənpərvərlik hisslərindən danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. Qeyd olunub ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq və mənəvi borcudur. Şəhidin ailə üzvləri diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidlərin qəhrəmanlığından danışılıb. Qeyd olunub ki, Vüsal Omarov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi tankçı vəzifəsində xidmətə başlayıb. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun giziri olan Vüsal Omarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək sentyabrın 28-də şəhid olub. Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vüsal Omarov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Ömər Qurdayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ö.Qurdayev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ömər Qurdayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

M.QULUYEV,

"Respublika".