Şəhidlərin medalları ailələrinə təqdim edilib
Sosial həyat

Şəhidlərin medalları ailələrinə təqdim edilib

Kəlbəcər Rayon İcra Hakimiyyətində ölkə Prezidenti cənab İham Əliyevin müvafiq sərəncamlarına əsasən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların ailələrinə medal və vəsiqələrin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev iştirak ediblər.

Azər Qocayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur. İcra başçısı Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə öz minnətdarlığını bildirib. Mərasimdə təltif olunan şəhidlərimizin keçdiyi döyüş yolundan və onların qəhrəmanlıqlarından söz açılıb. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev Vətən müharibəsində Şanlı Qələbənin ən başlıca səbəbinin ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının, eləcə də milli birliyin, döyüşçülərimizin qəhrəmanlığının, vətənpərvərliyinin olduğunu diqqətə çatdırıb.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid Tağıyev Eşqin Asif oğlunun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə" medalı, şəhid Muxtarov Taleh Həşim oğlunun təltif olunduğu "Suqovuşanın azad olunmasına görə" medalı, şəhid Qabilov İsmayıl Əli oğlunun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə" medalı, şəhid Məhəmmədli İsmayıl Mahir oğlunun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə" medalı, şəhid Abdullayev Şəhriyar Kamil oğlunun təltif olunduğu "Füzulinin azad olunmasına görə" medalı və vəsiqələri onların ailə üzvlərinə təqdim olunub.

Zabit XƏLİLOV,

"Respublika".