Şəhidlərin xatirəsi anıldı
Region

Şəhidlərin xatirəsi anıldı

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri ilə birlikdə Şirvan Şəhidlər Xiyabanını ziyarət etdilər. Deməliyik ki, hər ayın sonuncu cümə axşamı bu ziyarət ənənə şəklini alıb. Ziyarət zamanı öncə Birinci Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyuldu, xatirələri ehtiramla yad edildi. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxundu.    Tədbir “Şəhid anası” memorial abidə-kompleksinin önündə davam etdirildi. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri  üçün təşəkkürünü bildirdi. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin  respublikamıza rəhbərliyi dövründə yetişən gənclərin  Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə qarşı  həyata keçirdiyi əks- hücum əməliyyatı zamanı göstərdikləri qəhrəmanlıqlardan danışdı. 44 gün davam edən Vətən müharibəsində  tarixi Zəfərin əldə edilməsinə görə Silahlı Qüvvələrimizin  əsgər və zabitlərinə, şəhidlərə minnətdarlığını ifadə etdi. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğuladı. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyindən, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən söz açdı.

Sonra şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlandı.

Tədbirdə iştirak edən  şəhid ailələri  onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini  və minnətdarlıqlarını bildirdilər.

Xüsusi razılıqla bildirildi  ki, şəhər icra hakimiyyətinin başçısı və əməkdaşları Vətən müharibəsi başlayandan şəhid ailələri və qazilərin yanında olub, onların problemlərinə həssas münasibət göstəriblər. Şəhər icra hakmiyyəti başçısının hər ayın sonuncu cümə axşamı şəhid ailələri ilə birlikdə Şəhidlər  Xiyabanını ziyarət etdiyini, şəhidlərin doğum və anım günlərində onlarla birlikdə olduğunu vurğuladılar.

İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin qaldırdığı məsələlərlə bağlı onları məlumatlandırdı, həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verdi.

Tofiq HÜSEYN,

“Respublika”.