ŞƏHİDLƏRİN XATİRƏSİNƏ
Region

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ

Boradigah qəsəbəsinin mərkəzində  Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş igidlərin və Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun, Polad Həşimovun parlaq xatirəsi şərəfinə abidə-kompleksi inşa olunub. Abidə-kompleksi Boradigah qəsəbə tam orta məktəbini 2001-ci ildə bitirən məzunların dəstəyilə ucaldılıb.

Qəsəbədə keçirilən açılış mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Tovuz döyüşlərinin qəhrəmanı, şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım, şəhid ailələrinin üzvləri, şəhidlərin döyüş yoldaşları, hərbi qulluqçular, müharibə veteranları, ziyalılar, ağsaqqallar və gənclər toplaşmışdılar.

Tədbir iştirakçıları əvvəl şəhidlər abidə-kompleksini ziyarət edib önünə gül dəstələri düzüblər. Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsi ehtiramla anılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mərasimdə çıxış edərək bildirib ki, otuz ilə yaxın işğal altında olan torpaqlarımız ordumuzun gücü, xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi sayəsində azad edildi. Bu yolda şəhidlər verdik. Onların qəhrəmanlığı xalqımıza qələbə sevinci yaşatdı. İllərlə həsrətində olduğumuz doğma yurdlara  qovuşduq. Bu, xalqımızın ən yeni, şanlı, şərəfli tarixidir. Bu tarixi qanları ilə yazan şəhidlər hər birimiz üçün çox əziz və müqəddəsdir. Şəhidlərin unudulmaz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım oğlunun şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində yazdığı zəfər tarixindən, şəhidlərin qisasının düşməndən layiqincə alınmasından söhbət açıb.

Vətən müharibəsinə gedən yol  Polad Həşimov kimi oğulların şəhidliyindən keçib. Qəhrəman döyüşçülərimiz kəndləri, qəsəbələri, şəhərləri bir-birinin ardınca azad etdikcə, möhtəşəm qələbəni daha da yaxınlaşdırırdılar. Döyüşçülər idarə etdikləri tank və digər zirehli texnikanın üzərində Həzi Aslanov, Mübariz İbrahimov, Albert Aqarunov və general Polad Həşimovun adlarını yazırdılar. Torpaqlarımızın işğaldan azad edilməsi, müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunması general Polad Həşimovun arzusu idi, --deyə Səmayə ana bildirib. Ana qəhrəman oğlunun iri portretinə baxıb kövrəlib.

Abidənin sağ tərəfində Milli Qəhrəman Mübariz İbrahimovun ayaqüstə portreti, ortada isə qəsəbənin Birinci Qarabağ və Vətən müharibəsində şəhid olan 10 övladının portretləri həkk olunub.

Səmayə xanım Boradigah qəsəbəsində oğlunun xatirəsinə göstərilən hörmətə, ehtirama görə ölkə rəhbərinə, qədirbilən xalqımıza minnətdarlığını bildirib.

Sonra şəhid İbrahim Rükabzadənin əmisi Gülhüseyn Talıbov çıxış edərək İbrahimin Goranboy rayonundakı “N” saylı hərbi hissədə xidmət etdiyini, Xüsusi Təyinatlı Dəstənin tərkibində Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini, oktyabr ayının 21-də şəhidlik zirvəsinə ucaldığını bildirib.  

Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb, abidənin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər ifa olunub.

Bədəlan kəndində «Şəhidlər bulağı»nın, Çayqıraq kəndində “Şəhidlər” abidəsinin açılışı olub. Mərasim iştirakçıları bulaq və abidənin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

Açılış mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidlərin parlaq xatirəsinə göstərilən ehtiramdan, abidə-kompleksinin hamının ziyarət yeri olmasından, əlamətdar hadisələrin, andiçmə mərasimlərinin burada qeyd edilməsinin əhəmiyyətindən danışıb.

Bədəlan kənd icmasının sədri Famil Məcidov, Milli Məclisin deputatı Anar İsgəndərov, şəhid Eldəniz Rəsulovun anası Məryəm Rəsulova, «Regional Hüquqi və İqtisadi Maarifləndirmə» İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırova və başqaları müzəffər ordumuzun qəhrəmanlığından, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı qələbədən, xalqla ordunun birliyindən, şəhidlərin gənclərə nümunə olan şərəfli ömür yolundan danışıblar.

Çıxışlarda şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən qayğıya görə Azərbaycan Prezidenti cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.

 

Əlisəfa HƏSƏNOV,

“Respublika”.