ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILIB
Region

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILIB

Girdəni kəndi ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi yolunda 6 şəhid verib. Kəndin say-seçmə oğullarından olan Əflatun Kazımov 1990-cı ilin 20 Yanvar qırğınında, Elsevər Bəşirov, Sehran Mikayılov, Məhəmməd Bağırov və Mahir Həmidov birinci Qarabağ müharibəsində, Kənan Axundzadə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Doğulub boya-başa çatdıqları doğma kənddə adları əbədiləşdirilib, xatirələri daim əziz tutulur.

Girdəni kənd tam orta məktəbi Qarabağ şəhidi Məhəmməd Bağırovun adını daşıyır. Kəndin mərkəzi küçələrinə Vətən yolunda canlarından keçən bu igidlərin adları verilib. Şəhid Mahir Həmidovun ailəsi, Qarabağ müharibəsi əlili Sakit Şiriyev Lənkəran şəhərində mənzillə təmin olunub. Məhəmməd Bağırovun ailəsi üçün kənddə fərdi ev tikilib.

 Əbədiyyətə qovuşmuş şəhid oğullarının xatirəsini əbədiləşdirmək üçün Rusiyada yaşayan soydaşlarımızın maddi dəstəyilə kəndin mərkəzində abidə kompleksi tikilib. Ölçüləri 20 m x 3 m olan iri lövhənin ortasında oğul yolu gözləyən Ana surəti, sol tərəfdə İkinci Dünya Müharibəsində, sağ tərəfdə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş igidlərin şəkilləri, adları, doğum və ölüm tarixləri həkk olunub. Lövhədə İkinci Dünya Müharibəsində və Qarabağ müharibəsində döyüşən əsgərin simvolik obrazı yaradılıb. Kompleksdə işıq sistemi qurulub, ərazi abadlaşdırılıb. Burada güllər əkilib, yaşıllıqlar salınıb.

Abidə kompleksinin açılışına həsr olunmuş mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə Vətəni canından əziz tutub ölümləri ilə ölümsüzlük qazanan şəhidlərin daim ehtiramla anıldığını söyləyən  Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirin Əzizova buranın hər birimiz üçün müqəddəs ünvana, ziyarətgaha çevriləcəyini deyib.

Taleh Qaraşov bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun erməni işğalçılarını darmadağın etdiyi 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı  zərbələr vuran igidlərin arasında lənkəranlı gənclərin də xüsusi yeri vardır. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhidlik zirvəsinə yüksələn igid oğulların adlarına bulaqlar tikilib, xatirə lövhələri vurulub, ad və anım günləri qeyd olunur. Şəhid ailələrinə böyük hörmət və ehtiram bəslənildiyini vurğulayan icra başçısı şəhidlərin Vətən qarşısında xidmətlərinin, əziz xatirələrinin heç zaman unudulmayacağını, şərəfli ömür yollarının gənc nəslə örnək olacağını  söyləyib.

Şəhid anası Bəyimağa Ağayeva, Girdəni kənd ağsaqqallar şurasının sədri Məmmədxan Kərimov və Rusiyada yaşayan soydaşımız Namik Bağırov Qarabağ müharibəsi şəhidlərinin və qazilərin şücaətindən, qəhrəmanlığından söhbət açıblar. Çıxışlarda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərə, şəhid ailələrinə göstərilən davamlı qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.

Sonra icra başçısı və şəhid Kənan Axundzadənin anası Rəhimə Axundova xatirə kompleksinin açılışını bildirən lenti kəsiblər. Abidə kompleksinin önünə qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Əlisəfa HƏSƏNOV,

                                                                                                      “Respublika".