ŞƏHİDLİK  RUHUNA  HƏDSİZ  EHTİRAMIN TƏCƏSSÜMÜ…   
Sosial həyat

ŞƏHİDLİK  RUHUNA  HƏDSİZ  EHTİRAMIN TƏCƏSSÜMÜ…   

Ötən ilin 27 sentyabr tarixi Azərbaycan xalqı üçün çox önəmli və tarixi hadisə ilə yadda qaldı. Məhz həmin gün, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. 44 gün davam edən haqq mübarizəmizdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoydu. Əsgərlərimizin canı, qanı bahasına üçrəngli bayrağımız düşmən tapdağı altında olan torpaqlarda dalğalandırdı. Şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alındı.  

GƏNCƏ

Azərbaycanın hər yerində olduğu kimi Gəncə şəhərində də  Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolas İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb. Daha sonra şəhərin baş meydanından monitor vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti dinlənilib. Tədbir Gəncənin Şəhidlər Xiyabanında davam edib. Tədbir iştirakçıları burada yeni quraşdırılan və üzərində Gəncə şəhidlərinin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müavini, Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin əmisi, teatrşünas-tənqidçi Anar Bürcəliyev ictimaiyyət nümayəndələri və şəhid ailələri adından çıxış edərək, Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Qardaşı oğlu, şəhid İlqar Bürcəliyevlə bağlı xatirələrini bölüşən ictimai xadim, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbrəliyinə təşəkkürünü bildirib. Millət vəkili Musa Quliyev çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolundan bəhs edib.

Çıxışlardan sonra, Gəncə Dövlət Dram Teatrının kollektivinin təqdimatında Vətən müharibəsi qazisi Həsən Cəfərovun “Millətim” pyesi əsasında hazırlanan “ŞUŞA, SƏN AZADSAN!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsilə saat 12:00-da səs siqnalları verilib.  Mərasim iştirakçıları Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziləri ziyarət edib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhənin önünə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.  Gəncənin Heydər Əliyev Park-Kompleksində 44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyasında şəhərin iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı, kiparis və tuya ağacı əkilib.

Günün ikinci yarısında isə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Vətən var olsun!” devizi altında fləşmob təşkil olunub. Şəhərin baş meydanında olan monitorda Gəncə şəhidlərinin şəkil və məlumatlarının yer aldığı videoslayd nümayiş olunub.

Mingəçevir

Sentyabrın 27-i Anım Gününü qeyd etmək məqsədilə Mingəçevir Şəhidlər Xiyabanına minlərlə insan toplaşmışdı. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri, partiya və ictimai təşkilatların sədrləri, mətbuat və ictimaiyyət nümayəndələri tədbirdə iştirak edirdilər.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov  çıxış edərək bildirdi ki,  ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin  Anım Günü ilə bağlı imzaladığı Sərəncam  şəhidlərə göstərilən diqqət və qayğısının bariz nümunəsi, hörmət və ehtiramıdı. Sentyabrın 27-dən başlanan qanlı müharibə noyabrın 10-da zəfərlə başa çatdı. Bu qələbə minlərlə şəhidimizin canı və qanı bahasına əldə olundu. Qazilərimizin şücaəti sayəsində biz doğma Şuşamıza Azərbaycan bayrağını sancdıq. Qarabağımız azad olunaraq Azərbaycana qovuşdu.  Bu gün Mingəçevir Şəhidlər Xiyabanında uyuyan 51 şəhidimiz məhz İkinci Qarabağ döyüşlərinin yadigarıdır. Onların hamısına, eləcə də bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların valideynlərinə səbir və dözüm arzulayıram.

Tədbirdə “N” saylı hərbi hissənin komandiri, Vətən Müharibəsi Qəhrəmanı Elnur Gebidov, şəhid Ailələri Cəmiyyətinin sədri İranə Həsənova, 2 övladını İkinci Qarabağ Müharibəsində şəhid vermiş Nəhayət Həsənova, əmək veteranı Mirzə Cavadov, şəhid Vüqar İsmayılovun atası Eldar İsmayılov, Vətən müharibəsi qazisi, mayor Pərvin Məmmədov çıxış etdilər. Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin balaca fidanları şəhidlərə həsr olunmuş maraqlı kompozisiya ilə çıxış etdilər.

Sonra şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai təşkilatların nümayəndələri şəhid məzarlarını ziyarət etdilər. Həmin gün şəhər məscidlərində icra hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə şəhidlərin ruhuna dualar oxundu.

Yevlax

Anım Günü münasibətilə  Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Respublikası Milli Məclisinin Yevlax rayonu ərazisindən seçilmiş deputatları, Milli Məclisin sədrinin  birinci müavini Əli Hüseynli və İlham Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri üzvləri ilk öncə, Şəhidlər Xiyabanını ziyarət etdilər. Sonra şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı oldu və eyni zamanda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 500, Şəhidlər Xiyabanında isə Vətən müharibəsində həlak olan yevlaxlı şəhidləri simvolizə edən 65 ədəd  ağac əkildi.

Heydər Əliyev sarayında davam edən  tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, möhtərəm Prezidentimiz şəhidlərimizin Anım Gününü məhz savaşın başlanma tarixi ilə eyniləşdirib. Yəni xalqımız hər il savaşla bağlı 44 gün sürəcək tarixi prosesləri qeyd edərkən, ilk olaraq məhz şəhidləri anacaq. Bəli, Zəfər günləri məhz şəhidlərimizin xatirəsini anmaqla başlayacaq.  Ali Baş Komandan müdrikcəsinə elan etmişdir ki, bu zəfəri şəhidlərimizə borcluyuq. Onların qanları əbəs yerə tökülməyib, bu qan Qələbəmizin rəmzi olub. Bu gün hamımız şəhidlərimizin hüznünü saxlayır, həm də şəhidlərimizlə qürur hissi keçiririk. Bu 65 igidimiz onilliklər sonra da bütün Yevlağın ən böyük qəhrəmanları sayılacaqlar və daim də fəxr mənbəyimiz olacaqlar. Təsəllimiz də odur ki, şəhidlərimizin qanı əbəs getmədi, bizə Zəfəri yaşatdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qəhrəmanlıqla fəda edən şəhidlərimizin ruhu bu gün azad Qarabağda rahatlıq tapır.

Milli Məclisin deputatı İlham Məmmədov, şəhid Polkovnik-Leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Birinci Qarabağ müharibəsi qazisi  Elxan Hümbətov, Vətən müharibəsi qazisi Elşən Mustafayev çıxışlarında qeyd etdilər ki, bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının 30 ildən sonra azad edilməsini reallaşdırdı.  Bu tarixi qələbə 1 milyondan çox  Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.                        

Yevlax Şəhər Mədəniyyət Mərkəzinin hazırladığı Şəhidlərin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Ölkənin bütün ərazisində olduğu kimi, saat 12:00-da Yevlaxda da Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İmişli

İmişli şəhərinin Şəhidlər Xiyabanında Anım Günü ilə bağlı keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailələri, qazilər, məktəblilər və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin məzarlarına, sonra isə abidənin önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Tədbirdə RİH başçısı Elçin Rzayev şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan icra başçısı onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Tədbirdə çıxış edən şəhid anası Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib. Digər çıxış edənlər də ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.

Tədbir Mədəniyyət və incəsənət işçilərinin ifasında davam etdirilərək ədəbi- bədii kompozisiya nümayiş olunub. Məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdaş

Anım Günü ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətində təsdiq edilmiş müvafiq Tədbirlər Planına uyğun olaraq sentyabr ayının 14-dən başlayaraq rayonda Vətən müharibəsi şəhidlərinin  məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuş, ailələrinə  ərzaq sovqatları çatdırılmışdır.Eyni zamanda, Anım Gününün ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.                                                                                                                 Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirildi.Rayon rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilərin iştirak etdiyi tədbirdə 44 günlük Vətən müharibəsi ərzində xalq-dövlət həmrəyliyi barədə geniş söhbət açılmış, Milli Ordumuzun qələbəsində payı olan Şəhidlərin xatirəsi ehtiramla yad edilmiş, onların hər birinin adları xüsusi vurğulanmışdır.

İctimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi istiqamətində görülən işlərdən razılıqlarını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq hisslərini bildirmişlər.

Rayon ictimaiyyəti nümayəndələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin  məzarlarının üzərinə gül-çiçək dəstələri düzmüşlər.

Tədbir iştirakçıları ağacəkmə kampaniyasında da iştirak etmişdir. Gün ərzində rayon mərkəzində şəhidlərin xatirə-kompleksi önündə yeniyetmə və gənclərin iştirakı ilə Anım Gününə həsr olunan yürüş-flashmob keçirilmişdir.Anım Günü ilə əlaqədar rayon ərazisində Dövlət bayraqları endirilmiş, saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsilə bir dəqiqəlik sükutla yad edilmişdir.

Tərtər

Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirdi ki, ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin ən çox ziyan vurduğu Tərtər rayonunda da anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur. Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışdı.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirdi ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi, Şanlı Qələbədən danışdı.

Tədbirdə çıxış edən şəhidlərin valdeynləri onlara daima qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Sonra məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi. Mərasim Şəhidlər abidə-kompleksinin ziyarəti ilə yekunlaşdı.

Gədəbəy

Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Anım Günü ilə bağlı  tədbir keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin qatıldığı  tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Daha sonra tədbir iştirakçılarından Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, şəhid atası Şahlar Hacıyev, Azərbaycan Bayrağı ordenli qazi Pərviz Mirzəyev və şair-jurnalist Kərəm Nəbiyev çıxış edərək 44 günlük Vətən müharibəsi ilə bağlı duyğularını, xatirələrini paylaşmış, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışmış, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Tədbirdə 44 günlük Vətən müharibəsinin xronikasını əks etdirən filmə baxılmış, Heydər Əliyev Mərkəzinin ətrafında və Şəhidlər Xiyabanında idarə, müəssisə, təşkilat kollektivlərinin, şəhid ailəsi üzvlərinin və qazilərin birgə iştirakı ilə şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilmişdir.

Daşkəsən

Anım Günü münasibətilə rayonun 4500-dən çox sakini Daşkəsən Rayon Şəhidlər Xiyabanını ziyarət edib.

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub. Rayon rəhbəri, ümumrayon tədbirində çıxış edərək qeyd edib ki, artıq Qarabağ Azərbaycan xalqı üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, fədakar qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə daşkəsənlilər adından minnətdarlığımızı ehtiramla bildiririk. Bu gün, Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı nümunə olmaqla, şəhidlərimizin xatirəsi xalqımız üçün daima əzizdir. Vətən müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulmuş, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq dastanı yazmışlar. Onlardan 32 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.Vətən övladları şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!

Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Sonra Anım Günündə şəhid ailələrinin üzvləri, qazi və Vətən müharibəsi iştirakçıları hüquq-mühafizə orqanları ilə birgə rayonun Şəhidlər Xiyabanı ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçiriblər. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri  ilə Vətən müharibəsi şəhidi Ələsgərov Pərviz Lətif oğlunun doğum gününü yad etmək üçün Mədənçilər qəsəbəsində şəhidin valideynlərinin yaşadığı evdə olublar. Əhəd Abıyev şəhidin valideynləri ilə söhbət edib. Şəhid atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə minnətdarlıqlarını bildiriblər.

 Rayon rəhbəri Xoşbulaq kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun və Qazaxyolçular kənd qəbirisanlığında Vətən müharibəsi şəhidi Cabbarov Muraz İlham oğlunun məzarlarını da ziyarət edib, ailə üzvləri ilə görüşüb. Şəhid Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa olunan bulağın tikinti işləri ilə maraqlanıb, lazımi köməklik göstərib.

Zərdab

Zərdab rayonunda 27 sentyabr - Anım Günü  ilə əlaqədar 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin məzarları rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əmək kollektivləri, ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhuna dualar oxunmuş, onların ailələri ilə görüşlər keçirilmişdir. Rayonun mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış parka gələn zərdablılar  bir dəqiqəlik sükutla qəhrəmanlarımızı yad etmişlər.

Görüşlərdə rayon rəsmisi M.Camalzadə  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış  şanlı Zəfərdən danışmiş,şəhid ailələrinə və yaralı qazilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs etmişdir. Qəhrəman övladlar yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə minnətdarlıq edilmiş, onların əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağı vurğulanmışdır.

 Qeyd edək ki, Zərdab rayonunun Gəlmə kəndi ərazisində şəhidlərin dəfn olunduğu məzarlıq uzun illər idi  ki, baxımsız və bərbad vəziyyətdə idi və 20 ildən çoxdur ki, həmin ərazidə heç bir təmir işləri aparılmamışdır.

Həmin ərazidə 1 ay öncə yenidənqurma və təmir işlərinə başlanılmış, Anım Günü ilə əlaqədar 26 sentyabr 2021-ci il tarixdə şəhidlərin müqəddəs ruhuna hörmət əlaməti olaraq yüksək səviyyədə başa çatdırılmışdır. Eyni zamanda,  Zərdab rayonu ərazisində, Şəhidlərin Xatirə Parkında 125 zərdablı şəhidin fotoşəkli həkk olunmuş xatirə abidəsi  istifadəyə verilmişdirr. Şəhidlərin Xatirə Parkında əsaslı təmir işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Ucar

Anım Günü ilə bağlı  Ucar rayon rəhbərliyi, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri rayonunun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Şəhidlər Xiyabanına üz tutan ucarlılar burada əbədi uyuyan qəhrəmanların məzarlarını ziyarət ediblər.Ucar sakinləri şəhid doğmaları ilə birlikdə xiyabanda hər bir  şəhidinin xatirəsinə bir ağac əkiblər.

Xiyabanın giriş hissəsində bir araya gələn tədbir iştirakçıları qarşısında Ucar Rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov,Təhsil şöbəsinin müdiri R.Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru M.Qəribova, rayon Ağsaqqallar Şurasının sədri M.Ağamalıyev, şəhid atası Ə.Vəliyev,şəhid anası X.Cavadova, şəhid qızı H.Hacızadə və başqaları çıxış ediblər.

Çıxışlarda 44 günlük müharibədə xalqımızın sarsılmaz birliyindən, Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaətindən, şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

Sonra Ucar rayonunun ilk şəhid övladı Hüseyn Həsənovun şəhidlik zirvəsinə ucaldığı günə təsadüf edən 27 sentyabr-ildönümündə Çiyni kəndindəki məzarı ziyarət edilib. Şəhidin vaxtilə yaşadığı evdə doğmalarına baş çəkilib.

“Respublika”.