Səhiyyə nazirlikləri arasında əməkdaşlıq
Səhiyyə

Səhiyyə nazirlikləri arasında əməkdaşlıq

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Moldova, Tacikistan və Monteneqro səhiyyə sisteminin iştirakçılarının rəhbər vəzifəli şəxsləri ilə görüş keçirilib. 6 iyun Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir.

Azərbaycanın Səhiyyə Nazirliyində Moldovanın səhiyyə naziri Alla Nemerenko, Monteneqro Səhiyyə Nazirliyinin dövlət katibləri Sladyana Çoriç və Vladimir Obradoviçlə görüş keçirilib. Görüşdə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin Ölkə səhiyyə siyasəti və sistemləri üzrə direktoru Nataşa Azzopardi-Muskat, Moldovanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yesaulenko və Tacikistanın maliyyə nazirinin müavini Sərvər Kurbaniyon iştirak ediblər.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb, səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Sonda Azərbaycanın səhiyyə naziri ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə çıxış edən ÜST-nin Avropa üzrə regional ofisinin Ölkə səhiyyə siyasəti və sistemləri üzrə direktoru Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla əməkdaşlığının çox uğurlu olduğunu vurğulayıb. Nataşa Azzopardi-Muskat COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib.

“Respublika”.