Səhiyyənin inkişafına qayğı
Digər xəbərlər

Səhiyyənin inkişafına qayğı

Nərimanov rayonundakı 14 saylı uşaq poliklinikası şəhərin mərkəzində - "Gənclik" metrosunun yaxınlığında yerləşir. Bir neçə il öncə poliklinikanın fəaliyyəti masir standartlara cavab vermirdi. Əlaqədar təşkilatların qayğı və diqqəti sayəsində poliklinikada əsaslı təmir işləri aparılmış, yeni tibbi avadanlıqlar quraşdırılmış, tibbi kadrların tərkibi yaxşılaşdırılmışdır. Burada uşaqlara göstərilən tibbi xidmət hamını razı salır, iş prosesində mütərəqqi metodlar tətbiq olunur.

Bu günlərdə sağlamlıq ocağında olarkən müsahibimiz baş həkim Dürdanə Sadıqova oldu. Təcrübəli həkim bizi maraqlandıran suallara aydınlıq gətirərək dedi:

- Dünyaşöhrətli görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyev səhiyyənin inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi.

Ümummilli lider səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə - tibb sahəsində yeniliklərin tətbiq edilməsindən sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş, çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulamışdır.

Qeyd etmək lazımdır ki, başçılıq etdiyim kollektivdə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə geniş hazırlıq işləri aparılır. Bu məqsədlə tədbirlər planı hazırlanmışdır.

Qürur hissilə vurğulamaq lazımdır ki, ümummilli liderin başladığı inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və moderinləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən Dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Ölkə başçısı insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir.

14 saylı uşaq poliklinikası 18800 uşağa xidmət edir. Uşaqların sağlamlığının qorunub saxlanılması üçün əhali arasında geniş maarifləndirmə işləri aparılır. Kollektivimizdə hazırda 51 nəfər ali təhsilli həkim və 63 orta ixtisaslı tibb işçiləri çalışır, əsas məqsəd xəstələrin sayının minimuma endirilməsi, mütərəqqi metodların tətbiqidir.

Poliklinika Fətəli xan Xoyski 3 ünvanında yerləşir. Müasir avadanlıqlarla xəstə uşaqların müayinə və müalicəsi həyata keçirilir.

İcbari sığorta diqqət mərkəzindədir. Şübhəsiz ki, bu əhalidə məmnunluq yaradır.

Ümumiyyətlə payış-qış fəsillərində qrip xəstəliyi daha çox yayılır. Elə buna görə də çalışırıq ki, uşaqlar həmişə tibb işçilərinin nəzarətində olsun.

Poliklinikanın həkimlərindən Zemfira Mirzəyeva, Məlahət Hüseynova, Aidə Hacıyeva, Vəfa İmanova, İnci Məmmədova və başqalarının adlarını inamla qeyd etmək olar. Biz poliklinikada olarkən uşaqların valideynləri onlar haqqında razılıqla danışdı.

Qədir ASLAN,

"Respublika".