Şəki: Əlillər bərpa imkanlarının artırılmasından razıdır
Region

Şəki: Əlillər bərpa imkanlarının artırılmasından razıdır

Son məlumatlara görə, dünyada təxminən 1 milyarda yaxın əlil yaşayır. Ölkəmizdə bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşılır və əsası ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulan genişmiqyaslı proqramlar uğurla həyata keçirilir. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb və əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Bu məqsədlə  Bakıda və rayonlarda 15 reabilitasiya mərkəzi fəaliyyət göstərir və  yeni mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub.

Şəki Reabilitasiya Mərkəzi PHŞ-nin direktoru Tərlan Qurbanov bildirdi ki, əvvəllər mərkəzə yalnız şimal-qərb rayonlarından əlilliyi olan şəxslər gəlirdisə, indi   respublikanın bütün bölgələrindən, o cümlədən Ağstafa, Qazax, Şəmkir, Gəncə, Goranboy, Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Bakı, Sumqayıt və digər ərazilərdən  olan əlilləri də qəbul edirik.

Qeyd olundu ki,  mərkəzdə əlillərin reabilitasiyası fərdi reabilitasiya proqramına uyğun olaraq həyata keçirilir. Mərkəz tibb, peşə, əmək, psixoloji, pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi vasitəsilə əlillərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə - əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasını və onların cəmiyyətə inteqrasiyasını təmin edir. İlin əvvəlindən bu vaxta qədər 2018 ambulator, 340 stasionar reabilitasiya kursu keçilib. Həmçinin onlar dövrü olaraq icma, onlayn və sosial psixoloji xidmətlərə cəlb olunur. Mərkəzdə müharibədə yaralanmış hərbi qulluqçuların, həmçinin şəhid ailəsi üzvlərindən ibarət yüzlərlə şəxsin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib.

Reabilitasiya mərkəzində müalicəvi bədən tərbiyəsi MBT, elektroterapiya, amplipuls terapiya, elektroyuxu, dərman elektroforezi, elektrostimulyasiya, diadinamoterapiya, yüksəkgərginlikli elektrik cərəyanı -- darsonvalizasiya, optik diapazonlu elektromaqnit rəqsləri -- infraqırmızı şüalarla, maqnit və elektromaqnit sahəsi ilə, maqnitoterapiya, santimetr diapazonlu elektromaqnit dalğaları, yüksəktezlikli səs dalğaları -- dərman fonoforezi, alçaqtezlikli səs dalğaları ilə müalicə, zərbə dalğa terapiyası, masaj, su masajı üzərindən istifadə olunur. Bir sözlə, müalicələr müştərək şəkildə aparılır.

Mərkəzdə müalicə olunan əlillərlə həmsöhbət olduq. Qazax rayonunda yaşayan 3-cü dərəcəli əlil Xalid Həsənov bildirdi ki,  mərkəzə gələndə vəziyyətim çox ağır idi. Müalicənin xeyli təsiri oldu, indi yaxşıyam. Mütəmadi olaraq buraya gəlmək fikrindəyəm. Göyçay rayon sakini, ehtiyatda olan gizir Fariz Mirzəliyev may və iyun aylarında mərkəzdə müalicə olunduğunu və özünü yaxşı hiss etdiyini məmnunluq hissilə vurğuladı.

3-cü dərəcəli müharibə əlili Elnur Namazov bildirdi ki, müalicədən razıyam, vəziyyətim getdikcə yaxşılaşır. Dövlətimizin əlillərə göstərdiyi hərtərəfli qayğıdan və  mərkəzin kollektivinin peşəkar fəaliyyətindən məmnunuq.

Mərkəzdə müalicə olunan əlillər  ölkəmizdə həssas əhali qruplarına göstərilən dövlət qayğısından, eyni zamanda, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulmasından və bərpa imkanlarının artırılmasından razılıqla bəhs edərək, onlara göstərilən dövlət qayğısına görə  dövlət başçısına minnətdarlıqlarını ifadə etdilər.

Mikayıl NƏRİMANOĞLU,
“Respublika”.