ŞƏKİ: Liseyin uğurları
Elm və təhsil

ŞƏKİ: Liseyin uğurları

Azərbaycan bütün sahələr üzrə sürətli inkişaf yolunda inamla irəliləyir. Bu inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Hər bir dövlətin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə təhsilin inkişafı istiqamətində önəmli islahatlar həyata keçirilir. Xeyli sayda Dövlət Proqramı icra olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib. Bir sözlə, yüksək təhsil almaq və vətənə layiq savadlı mütəxəssis olmaq üçün tam şərait yaradılıb. Ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Şəki şəhər kimya-biologiya təmayüllü lisey qazandığı rekord uğurları ilə dövlət qayğısının yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, bu il liseyin məzunları ali məktəblərə qəbul olmaq üçün tələb olunan yüksək bal toplayıb. Bu barədə əməkdaşımıza qürurla danışan liseyin direktoru Elmir Məmmədəliyev qeyd etdi ki, 20 şagird ölkəmizin ən nüfuzlu ali təhsil müəsissələrində dövlət sifarişli təhsil almaq hüququ qazanıb.

Direktor qazanılan uğurlar barədə danışarkən bildirdi ki, şagirdlərimizdən İlkin Lətifov "Payız əfsanələri" İncəsənət müsabiqəsində fərqlənərək 3-cü yerə çıxıb və diplomla təltif olunub. Ləman Yaşarlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, RİİB və UNİCEF-in birgə təşkil etdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda fəal iştirakına görə sertifikata layiq görülüb. İki şagirdimiz Azərbaycan Respublikasının Ombudsmanı 10 Dekabr - "Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Postmüharibə dövründə insan hüquqları" mövzusuna həsr edilmiş rəsm müsabiqəsində fərqlənərək mükafatlandırılıb. Özləm Cəfərzadə 3-cü yerə layiq görülüb, Zəhra Məmmədzadə isə həvəsləndirici diplomla təltif olunub. Nazilə Mütəfəkkiri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 2021-ci il üçün elan olunmuş "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı rəsm müsabiqəsində çəkdiyi rəsmlə qaliblər sırasında olub.

Liseyin şagirdlərinin digər uğurlarına toxunan E.Məmmədəliyev qeyd etdi ki, qızlardan ibarət voleybol komandası Gənclər və İdman Nazirliyi, Şəki Şəhər Gənclər və İdman İdarəsi, ümumtəhsil məktəbləri arasında voleybol üzrə şəhər birinciliyində 3-cü yeri tutub. O, kollektivin digər uğurlarından da söz açıb.

M.NƏRİMANOĞLU,

"Respublika".