Şəki rayonunun İnçə kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Şəki rayonunun İnçə kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Şəki rayonunun İnçə kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Şəki Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırma ilə İnçə bələdiyyəsinin sabiq sədri Qafqaz Mustafayevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini mülkiyyət və icarələrinə verəcəyinə dair yalan vədlər verib aldadaraq xeyli miqdarda pullarını dələduzluq yolu ələ keçirdiyi müəyyən olunub.

Bundan başqa, araşdırmalarla torpaq sahəsi ayrılmış 7 nəfər tərəfindən bələdiyyə büdcəsinə ümumilikdə 2086 manat məbləğində pul ödənilsə də, həmin şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə iclasında qərar qəbul edilməməsi, eləcə də bələdiyyə büdcəsindən 2158 manat pulun mənimsənilməsi müəyyənləşdirilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.2-ci, 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəmə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

AZƏRTAC