Şəki UNESCO-nun Ümumdünya İrs Siyahısında
Mədəniyyət

Şəki UNESCO-nun Ümumdünya İrs Siyahısında

Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində daha 58 abidənin dövlət mühafizəsinə götürülməsi, Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından çox önəmlidir.

Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun tarixi hissəsi 2019-cu il 7 iyul tarixində UNESCO Ümumdünya İrs Siyahısına daxil edilib. Ümumdünya İrs Komitəsi bu qərarı verərkən, Dünya İrs Konvensiyasının II (memarlıq, sənətkarlıq, şəhərsalma və bu kimi digər sahələrdə müxtəlif tarixi dövrlərin ənənələrinin əks etdirilməsi) və V (insanların təbiətdən dayanıqlı istifadəsi) meyarlarına əsaslanıb.

Bu iki meyara tam olaraq cavab verən digər tikililərin də dövlət mühafizəsinə alınması məqsədilə, Dövlət Turizm Agentliyinin ekspertləri AMEA-nın müvafiq institutları ilə birgə əməkdaşlıq çərçivəsində "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi tikililəri yenidən qiymətləndiriblər. Nəticədə, Şəkinin qədim hissəsində yerləşən daha 58 daşınmaz əmlaka "abidə" statusu verilməklə 1-i ölkə, 57-si yerli əhəmiyyətli dövlət mühafizəsinə götürülməsi təklif olunub.

Dövlət mühafizəsinə götürülmüş abidələr arasında XIX əsrdə şəhərdə hərbi məqsədlər üçün tikilmiş kazarma, əsgər yataqxanaları, yerli təcridxana (türmə) binası kimi fəaliyyət göstərmiş tikililəri də qeyd etmək olar.

Ümumilikdə, Şəkinin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilmiş ərazisində 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin ənənəvi şəhər landşaftının daha səmərəli şəkildə qorunması, Şəkinin UNESCO Ümumdünya İrs Siyahısında öz layiqli yerini tutması, onun atributlarının mühafizə olunmasına öz töhfəsini verəcək.

Bəybala BƏYBALAYEV,

"Respublika".