Şəkinin tarixi mərkəzi də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib
Mədəniyyət

Şəkinin tarixi mərkəzi də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

Hələ 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Şəkidəki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bu günlərdə Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu, şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim himayəsində olduğunu diqqətə çatdırmışdır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iki il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını, onun şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini bildirmiş, hər il 7 iyul tarixinin Şəkidə “Şəhər günü” olaraq keçirilməsi təklifini vermişdir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirmişdir ki, Şəkinin böyük turizm imkanları bölgədə fəaliyyət göstərən sahibkarlar üçün əlavə üstünlüklər yaradır. Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd etmişdir. Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında ölkəmizdə mədəni irsin qorunmasına göstərilən yüksək dövlət qayğısından danışmışdır.

Tədbirdə çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov  Ümumdünya İrs Siyahısına daxil olunma ilə bağlı UNESCO sertifikatını Fuad Nağıyev və Elxan Usubova təqdim edib.

Həmçinin tədbir əsnasında Şəkidə tarixi-mədəni irsin qorunub saxlanmasında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif olunmuşdur.

Rasim Amanov,

“Respublika”.