Sel və çay daşqınları ilə mübarizə tədbirləri aktualdır
İQTİSADİYYAT

Sel və çay daşqınları ilə mübarizə tədbirləri aktualdır

Yaz  aylarının  sonu, yayın   əvvəli dağ  çaylarının   coşub-daşan çağlarıdır. Təkcə   kənd   təsərrüfatına  deyil, bütövlükdə  yaşayış  sahələrinə, yollara, infrastruktura   böyük  ziyan  dəyir. Odur   ki, qabaqlayıcı   tədbirlər  görməkdə   böyük   fayda   var.

Azərbaycan  Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, respublikanın bir çox ərazisində olduğu kimi, şimal-qərb bölgəsində son günlər hava şəraiti tez-tez dəyişir. Yağıntılı havanın artması çaylarda suyun səviyyəsinin çoxalmasına səbəb olub.

Sel gətirən dağ çaylarının çoxluq təşkil etdiyi Qax rayonunda ola biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə hazırda qabaqlayıcı tədbirlər görülür. Bunun üçün Qax Suvarma Sistemləri İdarəsinin texnikaları bu işlər üçün səfərbər edilib. Hazırda Kürmük çayında məcra təmizləmə işləri həyata keçirilir. Bununla yanaşı, rayon ərazisindən axıb keçən digər dağ çaylarında da bu işlər yerinə yetirilir. Ətraf ərazilərin sel sularından mühafizəsini təşkil etmək üçün daş-beton bəndlərin çəkilişi təmiri aparılır.

Selə qarşı mübarizə tədbirləri ilə bərabər, Qax Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir. Suvarma suyunun əkin sahələrinə normal qaydada çatdırılmasını təmin etmək üçün suvarma kanalları mütəmadi olaraq lildən təmizlənir. Bundan başqa, su itkisinin qarşısının alınması istiqamətində torpaq məcralı kanallar beton üzlüyə alınır.

Görülən işlərin nəticəsi olaraq əkin sahələrinin suvarılması ardıcıl həyata keçirilir. Fermerlər sahələri su ilə daim təmin edə bilirlər. Hazırda Qax rayonunda əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması normalara uyğun davam edir.

Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr - Kürmük, Qum, Ləkit, Zərnə, Qapıçay Duruca çayları qaynama qara sularıdır.

Nəriman  CAVADOV,

"Respublika".