Sel və daşqın təhlükələrinə qarşı tədbirlər
İQTİSADİYYAT

Sel və daşqın təhlükələrinə qarşı tədbirlər

Azərbaycanda sel gətirən çaylar var ki, təsərrüfatlara, infrastrukturlara (yollara, tikintilərə, işıq və qaz xətlərinə) zaman-zaman ciddi zərər yetirirlər. Dəyə biləcək ziyanların qarşısını önləmək üçün vaxtında profilaktiki, möhkəmləndirici tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bununla bağlı bildirib ki, son illər respublikada meliorativ tədbirlər uğurla davam etməkdədir. Qax rayonunda da bu işlər Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il plana uyğun olaraq aparılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatı, o cümlədən yaşayış məntəqələrinin sel sularından mühafizəsi üçün bir sıra işlər görülüb ki, bu işlərdən biri də rayon ərazisindən axan və zaman-zaman sel təhlükəsi yaradan Kürmük çayında həyata keçirilib. Kürmük çayının sağ və sol sahilində, İbaxlı və Əlibəyli kəndləri ərazilərindən keçən hissəsində daş-beton bəndlər tikilib.

Qax Suvarma Sistemləri İdarəsi tərəfindən su itkisinin qarşısının alınması məqsədilə ötən il 2270 metr torpaq məcralı kanal beton üzlüyə alınıb. Bu işlərin 1000 metri Qıpçaq ana kanalında, 500 metri Cəlayir ana kanalında, 500 metri Qobala-1 kanalında, 200 metri Qobala-2 kanalında və 70 metri Qaxmuğalda həyata keçirilib. Bundan başqa, suvarma suyunun sahələrə fasiləsiz və intensiv çatdırılması üçün torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılıb. Hazırda idarənin balansında olan texnikalar vasitəsilə rayonun müxtəlif ərazilərində kanallar lildən təmizlənir.

Qeyd edək ki, ötən il idarə tərəfindən böyük təsərrüfatların yerləşdiyi ərazilərdə əkin sahələrinin suya olan tələbatının ödənilməsi üçün Hayvalı suvarma kanalının müəyyən hissəsində qapalı və yarımqapalı metal borulu ötürücü qurğunun təmiri aparılıb. Bundan başqa, Kürmük çayının sağ və sol sahilləri boyu Əlibəyli, İbaxlı, Qaxbaş, Dəymədağlı kəndləri ərazisindən keçən hissəsində, Qara çay hövzəsi, Ləkit çay və Zərnə çay məcrasında məcra təmizləmə işləri aparılıb.

Nəriman CAVADOV,

"Respublika".