Sel və su daşqınları təhlükələrinə qarşı qabaqlayıcı tədbirlər
Region

Sel və su daşqınları təhlükələrinə qarşı qabaqlayıcı tədbirlər

Mərkəzi Aran bölgələrində artıq yaz əkininə başlanılıb. Ərazisi dağlıq və dağətəyi olan bölgələrdə isə vəziyyət bir qədər fərqlidir. Həmin rayonların düzən hissələrində yaz əkininə hazırlıq işləri öz yerində, gərək sel və su daşqınları təhlükələri də aradan qaldırılsın. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilir ki, Zaqatala rayonunda yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə, o cümlədən çay yataqlarının təmizlənməsi işləri davam edir. Görülən işlər əsasən rayon ərazisindən axan və zaman-zaman sel təhlükəsi yaradan Muxax çayında aparılır. Bu çayın sağ və sol sahillərində daş-beton bəndlərin qurulması ilə yanaşı, məcra təmizləməyə də önəm verilir. Ötən il idarə tərəfindən 10 min kubmetrə yaxın çaylarda məcra təmizləmə işləri aparılıb. Bu ilin yanvar ayından bu günə kimi isə 200 min kubmetrdən artıq çay yatağı təmizlənib.

Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən istismar müddətini bitirmiş daş-beton bəndlərdə də təmir işləri görülüb. Muxax çay sistemində 575, Tala çay sistemində 1590 kubmetr olmaqla ümumi 2160 kubmetrə yaxın daş-beton bənd təmir edilib. Bundan başqa, Muxax çayda 615 kubmetr qabyon, 900 kubmetr isə şax-daş bəndləri quraşdırılıb. Tala çayının şəhər ərazisindən keçən hissəsinin sağ sahilində isə təmir işləri davam edir. Buna səbəb ötən ilin sentyabr ayında yağan güclü yağışlar nəticəsində bəndin 64 metrlik hissəsinin dağılmasıdır. Bu ilin əvvəlindən başlayaraq bəndin həmin hissəsində 550 kubmetr təmir işləri görülüb. Bu da ətrafda yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyini təmin edir.

Qeyd edək ki, Zaqatala Suvarma Sistemləri İdarəsi balansında olan 15560 hektardan çox əkin sahələrinin suvarılmasına xidmət edir. Hər il olduğu kimi, bu il də vegetasiya suvarmasına hazırlıq məqsədilə ilin əvvəlindən bu günə kimi kanallarda 95 min kubmetr lildən və kol-kosdan təmizləmə işləri aparılıb.

***

Əsas əkinçilik sahələri çəltik, tərəvəz və bostançılıq olan Masallıda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Masallı rayonunda Viləşçay və Babaser Su Anbarı, 37 kiçik sututarı və subartezian quyuları vasitəsilə suvarma suyunun verilməsi təmin olunur. Leysan xarakterli yağışlar nəticəsində rayon ərazisindəki bu mənbələrdə kifayət qədər su yığımına nail olunub. Hazırda Masallıda 9890 hektar əkin suvarma sahəsi 10110 hektara qədər artırılıb. Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən rayonda suvarma mövsümünə hazırlıq işləri aparılır və tamamlanmaq üzrədir. Hidrotexniki qurğularda təmir işləri gedir. Sağ sahil magistral beton kanalı təmir edilir, sol sahil torpaq kanalında isə qazıntı, lildən təmizlənmə işləri aparılır.

Masallı rayonunda 63 ədəd subartezian quyusu mövcuddur. Nəzərdə tutulan və bu il qazılan 4 ədəd quyu artıq tamamlanmaq üzrədir. Bu quyular əsasən sitrusçuluq, çayçılıq üçün nəzərdə tutulub və həmin ərazilərdə qazılır.

Mart ayında intensiv yağıntılar nəticəsində Viləşçay Su Anbarında hazırda 42.6 milyon kubmetr su mövcuddur. Suyun balansını qorumaq üçün anbarda su yığımı daşqına səbəb olmasın deyə saniyədə 115 kubmetr su Viləşçaya buraxılır.

Qeyd edək ki, Viləşçay su anbarının tutumu 46 milyon kubmetrdir. Su anbarının faydalı həcminin artırılması məqsədilə 2-ci növbəsinin tikilməsi nəzərdə tutulub. Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən layihə işləri aparılır. Nəzərdə tutulub ki, anbar 128 milyon kubmetr sututma qabiliyyətinə malik olsun. Bununla da Masallı rayonunda ümumi sahəsi 17 min hektara yaxın əkin ərazi suvarma suyu ilə təmin oluna biləcək.

N.ƏHMƏDOĞLU,

"Respublika".