Şelli narının keçmiş şöhrəti özünə qaytarılır
Region

Şelli narının keçmiş şöhrəti özünə qaytarılır

Otuz ilə yaxın həsrətini çəkdik, Qarqar, Xaçın çaylarının ruhu dincəldən səsini eşidə bilmədik, hər il payımız budaqlardan özünü asdı, bağrı çatladı gülöyşə narın, intizardan böyürtkən kolları saçını yoldu, almaya, armuda xal düşdü.

Uzun illər düşmən tapdağı altında qalan Ağdamın münbit torpaqları azadlığa qovuşub, bu torpaqlarda salamat qalan meyvə ağaclarının budaqlarına indi əlimiz çatır, meyvələrini dərə bilirik. Qarabağın dilbər guşələrindən biri də Ağdam rayonunun Şelli kəndidir. Qarqar çayının kənarında, dağlarla əhatə olunmuş, təpələrin döşündə yerləşən bu kənd ölkəmizdə gülöyşə narı ilə tanınıb. Ermənistan silahlı bölmələri tərəfindən işğal edilənə qədər Şelli kəndində bağçılıq, üzümçülük inkişaf etmişdi. Kənddəki nar bağlarından yığılan məhsul nəinki respublikamızın müxtəlif bölgələrinə, eləcə də keçmiş sovet respublikalarına göndərilirdi. Azərbaycanda narçılığın inkişaf etdiyi Göyçayda vaxtilə nar plantasiyaları salınarkən Şelli kəndindəki gülöyşə nar sortunun qələmlərindən (tingindən) istifadə edilib. Şelli narı minbir dərdin məlhəmi, həyat şirəsi, Günəşdən nur içən əvəzsiz bir nemət, xalq arasında deyildiyi kimi, "can dərmanı"dır.

Tarixi qaynaqlarda qeyd olunub ki, narın müalicəvi xassəsi qədim zamanlardan misirlilərə, assuriyalılara, yunanlara və romalılara məlum idi. Hələ 4 min il bundan əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi istifadə ediblər. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən və Gəncəçay ərazisindən eramızdan əvvəl IV-V minilliklərə aid nar ağacının qabığı aşkar olunub. Beyləqanda IX-X əsrlərə aid bərnilərin (şüşə qab) içərisində üzüm və nar toxumlarına təsadüf edilib. Çox ehtimal ki, bu qablardan nardaşa hazırlamaq üçün istifadə edilib. Əzəldən Qarabağda, Ağdamın yaxınlığında Şelli kəndi, Şirvan torpağında isə Göyçay narın beşiyi sayılıb. İndi demək olar ki, bütün bölgələrdə nar bağları salınıb, cana məlhəm, gözə işıq gətirən nar yetişdirilir. Yeri gəlmişkən qeyd edək ki, narın dünyada 300-dən çox növü məlumdur ki, bunun da 200-ə qədəri yalnız Azərbaycanda becərilir. Respublikamızda gülöyşə, balamürsəl, vələs, qırmızı qabıq, nazikqabıq, şahnar, qırmızı mələz, şəlli, mələzişirin, şirin nar növləri yetişdirilir.

İşğaldan azad edilmiş Şelli kəndi ərazisində nisbətən salamat qalan 17 hektar nar bağında bərpa və becərmə işləri aparılıb. Şelli narının keçmiş şöhrətini qaytarmaq üçün gərgin əmək sərf edilir. "Azərşəkər" MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindəki nar bağlarından ilk dəfə məhsul yığılıb. İndiyədək 133 ton məhsul satışı həyata keçirilib ki, bunun 16 tona yaxın hissəsi Sinqapur, Kanada və Rusiyaya ixrac edilib, 117 tonu isə daxili bazara satılıb. Məhsul satışından əldə olunan gəlirin bir hissəsi "YAŞAT" Fonduna ianə ediləcək. Bağbanlar yaxşı bilir, nar ağacı çox həssas, necə deyərlər, dəymə-düşər, küsəyəndir. Şaxta, soyuq olan kimi quruyur, qızmar yayda da susuzluqdan yarpaqları saralır, budaqlar büzüşüb quruyur, meyvələri çatlayır. Tək bircə əlacı var, nar ağacı gərək sudan korluq çəkməsin. İlahinin möcüzəsi hesab edilən nar dənələri bir qabığın içərisində sayrışan ulduzlara bənzəyir...

Salman ALIOĞLU,

"Respublika".