Səməd Seyidov: Azərbaycanın regionda yaratdığı reallıq qarşısında Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur
MÜSAHİBƏLƏR

Səməd Seyidov: Azərbaycanın regionda yaratdığı reallıq qarşısında Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur

Azərbaycanın regionda yaratdığı yeni reallıq davamlı sülhün əsasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün çıxışlarında da qeyd etdiyi kimi, ölkəmizin artıq 5 prinsipdən ibarət sülh təklifi Ermənistana, eləcə də dünya ictimaiyyətinə açıqlanıb. Bu prinsiplər Avropada, eləcə də bütün dünyada müsbət qiymətləndirilib.

Prezident İlham Əliyevin sonuncu Brüssel səfəri "Brüssel prosesini" yaratdı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında da bu, əyani şəkildə təsdiqləndi.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Ermənistan bu sülh müqaviləsini imzalamağa məhkumdur, çünki Ermənistana qalsa, tərəddüdləri ilə bunu başqa istiqamətə yönəltməyə cəhd edər. Ancaq ölkəmizin yaratdığı mövcud reallıq Ermənistanı məhz Azərbaycanın təklif etdiyi sülh prinsiplərini imzalamağa, sülh prosesinə qoşulmağa məcbur edir. Əlbəttə, bu, Ermənistan daxilində çətinliklər yaradır və açıq şəkildə görünür. Belə ki, revanşist qüvvələr Azərbaycana və Türkiyəyə qarşı provokasiyalara əl atırlar. AŞPA-nın yaz sessiyasının ilk günündə də bunun şahidi olduq.

Ermənistan nümayəndə heyətinin üzvü qeyri-konstruktiv mövqedən çıxış edərək, yalan və böhtandan ibarət çıxışı ilə AŞPA sessiyasının istiqamətini dəyişməyə cəhd etdi. Buna dözə bilməzdik, erməni deputatın yalanlarına reaksiya verməliydik. Avropalı parlamentarilərə bir daha göstərməli idik ki, sülhün tərəfdarı kimdir. Regionda sabitliyi pozmaq, təxribat törətmək və bununla da dünya ictimaiyyətini aldatmaq niyyəti daşıyan kimdir. Erməni deputatlar ictimai fikirdə münaqişəni guya həll edilməmiş kimi saxlamaq istəyirlər.

Erməni deputat çıxışına Türkiyənin xarici işlər nazirinə qarşı böhtanla dolu ittihamlarla başladı. Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan deputatının yalanını, ölkəsinin siyasətinin xalqın milli maraqlarına zidd olması, eləcə də qardaş Türkiyəyə qeyri-obyektiv, yalan, böhtanla dolu çıxışını ifşa etdilər. Çıxışlarımızda ölkəmizin həyata keçirdiyi konkret addımlar haqqında məlumat verdik.

Lakin erməni deputat səs-küy salmağa başladı və AŞPA Prezidenti ona "səsinizi kəsin" deməyə məcbur oldu. Sonda erməni deputat guya inciyib deyə zalı tərk etməli oldu. Ancaq erməni deputatlar yaxşı gördülər ki, artıq avropalı deputatlar onları dəstəkləmir. AŞPA-dakı parlamentarilər də artıq sülhdən danışmağın vaxtı olduğunu bildirirlər.

Ermənilər dünya ictimaiyyətini aldatmaq istəsələr də, sonda öz tələlərinə özləri düşdü. Regionda birinci olmaq istəyirdilər, amma Ermənistan regionun kapitulyasiya aktını imzalamış ərazisidir. Gələcəkləri ola bilər, amma bir şərtlə, Azərbaycanın regionda yaratdığı, təklif etdiyi reallığı qəbul etməlidirlər. Ölkəmizin təklif etdiyi prinsiplər əsasında siyasətlərini təşkil etməlidirlər. Biz onlarla bu haqda söhbət etməyə hazırıq. Onlar bunu başa düşərək, bu istiqamətdə hərəkət etsələr, hər şey yaxşı olacaq. Ancaq başqa istiqamət götürsələr, bu, onlara baha başa gələcək.

Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq.

AZƏRTAC