ŞƏMKİRDƏ ƏT SATIŞINA NİYƏ NƏZARƏT OLUNMUR?
Region

ŞƏMKİRDƏ ƏT SATIŞINA NİYƏ NƏZARƏT OLUNMUR?

Ölkədə ət, eləcə də süd məhsullarına olan tələbatın daha dolğun ödənilməsi mühüm amildir. Sözsüz ki, burada söhbət ekoloji təmiz, mənşəyi məlum olan, kəsim sexlərində kəsilmiş ən nəhayət, analiz nümunələri götürülmüş iri və xırdabuynuzlu heyvan ətindən gedir. Bununla bağlı davamlı reydlər keçirilir. Bəzi ət satışı məntəqələri qoyulan tələblərə cavab vermədiyinə görə cərimələnir və ya tamamilə fəaliyyətinə son qoyulur. Lakin bəzi işbazlar deyilənlərə heç də əməl etmirlər, zərərini isə istehlakçılar görür.

Şəmkir rayonunun Sabirkənd kəndində magistral yolun kənarından 1 metr məsafədə bir neçə ət satışı məntəqəsi fəaliyyət göstərir. Bu yolla hərəkət edən maşınlardan çıxan zərərli qazlar və toz asılmış ətin üstünə çökür. Heyvanlar ət kəsimi məntəqəsində deyil, antisanitariyanın hökm sürdüyü digər yerlərdə kəsilir. Yəni hər bir ət satan elə avtomobil yolunun kənarlarında heyvan kəsir. Bu işə, demək olar ki, heç bir nəzarət yoxdur.

Məsələ ilə bağlı AQTA-nın Tovuz Regional Bölməsinə şifahi müraciət etsək də, heç bir reaksiya verilmədi. Satılan ətlərdən laborator analiz aparmaq üçün nümunə götürülmür. Vətəndaşların dediyinə görə, buradan mal əti adı ilə alınan əti saatlarla qaynatsalar da bişmir, bəzən qaynayan zaman ətrafa üfunətli qoxu yayılır. Ət satanlar gigiyenik qaydalara qətiyyən riayət etmirlər. Sual olunur: bəs nə əcəb insanlar buradan ət alır? Cavab isə belədir ki, Sabirkənddə digər yerlərə nisbətən, alıcılara ət xeyli ucuz qiymətə təklif olunur.

Məsələ ilə bağlı kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə müraciət etdik. Hər iki qurumun rəhbəri yaxasını kənara çəkərək bildirdilər ki, bu məsələ bizim səlahiyyətimiz xaricindədir.

Görəsən bu acınacaqlı vəziyyətə göz yumanlar özləri həmin ətdən evlərinə apararmı? Cavab birdir: əsla yox. Bu işə kim əncam çəkəcək məlum deyil. Bəzi insanlar deyəsən, "Ucuz ətin şorbası olmaz" atalar misalını yaddan çıxarıblar.

Vəli VƏLİYEV,

"Respublika".