Şəmkirdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktik konfrans
Region

Şəmkirdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktik konfrans

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şəmkirdə rayon icra hakimiyyətinin təşkilatçılığı əsasında “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov və digər konfrans iştirakçıları əvvəlcə şəhər mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Konfransda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri qoyub getdi: “Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Azərbaycançılıq ideologiyasının ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqımızda dövlətçilik hissini formalaşdırdı”. Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev də müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü bütün çıxışlarında dəfələrlə vurğulamışdır və hər zaman bu ideyaya sadiqlik nümayiş etdirmişdir.

Konfransda çıxış edənlər Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, xalqımız qarşısında xidmətlərindən danışıblar.

Vəli VƏLİYEV,

“Respublika”.