Sənaye və aqrar sahənin birgə fəaliyyəti iqtisadi inkişafa stimul verir
Region

Sənaye və aqrar sahənin birgə fəaliyyəti iqtisadi inkişafa stimul verir

Hacıqabul rayonunun tarixində 20 aprel 2021-ci il ən əlamətdar hadisələrdən biridir. Həmin gün ölkə başçısı cənab İlham Əliyev rayona səfər edib bir neçə yeni sənaye müəssisəsinin, istehsal obyektlərinin açılışında iştirak etdi.  Uzun illər kənd təsərrüfatı rayonu kimi tanınan Hacıqabul rayonunda bu tarixi  hadisədən sonra  həm də sənaye fəaliyyətinə start verildi. Aprel ayının 20-dən bizi 4 aydan artıq müddət ayırır. Müntəzəm olaraq Prezidentin açılışında iştirak etdiyi və bu gün rayonda fəaliyyət göstərən sənaye müəssisələrindən, digər istehsal obyektlərindən xoş sədalar eşidilir.

Hacıqabul Sənaye Məhəlləsi, “Agro Dairy” MMC-nin aqroparkı, Qarasu yarımstansiyası “Azərsun Şamaxı Aqropark” yeni toplanmış işçi qüvvəsi ilə məhsul istehsalını davam etdirir. Burası da sevindiricidir ki,  ölkə başçısı Hacıqabula səfərində rayonun kənd təsərrüfatı ilə də maraqlanıb,  fermer Elşən Xəlilovun pambıq sahəsinə baş çəkib,  çiyid səpininin gedişi ilə maraqlanıb.  Bu isə sənaye və aqrar sahənin rayonda paralel inkişaf edəcəyini bildirən əlamətdir. Bəs indiyə kimi, konkret olaraq 2020-ci ildə rayonda hər iki sahənin inkişafında əldə olunan göstəricilər yaxın gələcəkdə nəzərdə tutulan proqnozların özünü doğruldacağına təminat verirmi? Cari ilin iqtisadi göstəriciləri tam yekunlaşmadığına görə bu suala cavab axtararkən 2020-ci ilin yanvar-iyun aylarında  rayonun iqtisadi inkişafını əks etdirən makrogöstəricilərin ondan əvvəlki ilin  müvafiq dövrü ilə  müqayisəsini nəzərdən keçirdik.

2020-ci ilin yanvar-iyun aylarında reyestrdə öz əksini tapmış sənaye müəssisələrindən 11-i fəaliyyət  göstərmiş və onların 9-u iri və orta,  2-si isə kiçik sənaye müəssisəsidir. 2020-ci ilin yanvar-iyun aylarında sənaye sahəsində fərdi sahibkarlar və ev təsərrüfatları da nəzərə alınmaqla faktiki qiymətlərlə 13241,6 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Respublikamızda azad sahibkarlıq mühitinin formalaşması yeni təsərrüfat formalarının yaranmasına təkan vermişdir. Fərdi sahibkarlıq buna nümunədir.  Cari ilin yanvar-iyun aylarında rayon üzrə sənaye sahəsində fəaliyyət göstərən fiziki  şəxslər və ev təsərrüfatları tərəfindən 74,3 min manatlıq məhsul istehsalı qeydə alınmışdır. 2020-ci ilin yanvar-iyun aylarında sənaye sahəsində işləyənlərin sayı 1250 nəfər olmuşdur.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə çalışanların say göstəricisi 90,5 faiz təşkil etmişdir.

Hacıqabul rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, tərəvəzçilik,  bostançılıq və heyvandarlıq aparıcı rol oynayır.  Bununla yanaşı rayonun təsərrüfatlarında qarğıdalı, kartof,  meyvə və üzüm məhsulu da istehsal edilir. Hacıqabul rayonu ərazisində şəkər çuğunduru və vələmir bitkilərinin əkininə də başlanılmışdır. Belə ki,  cari ildə rayon üzrə 3115,8 hektar sahəyə yazlıq bitkilər, o cümlədən 885,8 hektar sahəyə cari ilin çoxillik otları,  305 hektar sahəyə dən üçün qarğıdalı, 82 hektar sahəyə sorqo, 50 hektar sahəyə vələmir, 518 hektar sahəyə tərəvəz, 471 hektar sahəyə bostan bitkiləri, 40 hektar sahəyə kartof,  504 hektar sahəyə şəkər çuğunduru,  260 hektar sahəyə pambıq əkilmişdir. Keçən ilə nisbətən 2020-ci ildə bəzi yazlıq bitkilərin əkin sahələrində artım müşahidə olunur. 27.07.2020-ci il tarixinə 13793 hektar biçilmiş taxıl sahəsindən 40933,0 ton taxıl məhsulu yığılmışdır. 2020-ci ilin məhsulu üçün biçilmiş payızlıq dən sahələrinin 6787 hektarı buğda, 7006 hektarı isə arpa sahəsi olmuşdur. Mövsüm ərzində 17413,0 ton buğda, 23520 ton arpa məhsulu toplanmışdır. Ümumilikdə rayon üzrə taxıl bitkilərinin məhsuldarlığı hər hektara 29,6 sentner, o cümlədən buğda məhsulu üçün 25,6 sentner, arpa məhsulu üçün 33,6 sentner olmuşdur. 2020-ci ilin iyulun 1-i tarixinə rayonun kənd əməkçiləri tərəfindən 518 hektar tərəvəz sahəsinin 238, 3 hektarından 2812,3 ton tərəvəz,  471 hektar bostan sahəsinin 85 hektarından 1774,0 ton bostan, 40 hektar sahədən 449,0 ton kartof məhsulu yığılmışdır. Abdulabad və Meynəman kənd inzibati ərazi dairələrində daha çox tərəvəz,  bostan və kartof bitkilərinin məhsulu toplanmışdır. Bu dövrdə rayon üzrə meyvə bağlarından 781,0 ton meyvə yığılmışdır.  Bu il rayon ərazisində texniki bitkilərin yetişdirilməsinə geniş yer verilmişdir.  Belə ki, bu il 260 hektar sahəyə pambıq,  504,0 hektar sahəyə isə şəkər çuğunduru əkilmişdir.

Cari ilin altı ayında təqdim olunan statistik məlumatlara və müvafiq hesabatlara görə bütün təsərrüfat kateqoriyalarında diri çəkidə ət,  süd və yun istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Keçən ilin müvafiq dövrünə  nisbətən rayonda ət istehsalı 528,7 ton və ya 11,9 faiz,  süd istehsalı 228,0 ton və ya 2,2 faiz, yun istehsalı isə 2,0 ton və ya 0,9 faiz artmış,  yumurta istehsalı isə 33,7 faiz azalmışdır. Rayonda 2020-ci ilin iyulun 1-i vəziyyətinə 35140 baş iribuynuzlu mal-qara,  o cümlədən 15331 baş inək və camış,  130127 baş qoyun və keçi mövcud olmuşdur.

Keçən ilin əldə etdiyimiz müəyyən dövründə sadalanan göstəricilər istər sənaye, istər kənd təsərrüfatında müəyyən yüksəlişin əldə olunduğunu  əks etdirir. Bu rəqəmlər bir daha göstərir ki, rayonda sənaye sisteminin aqrar sahə ilə birgə fəaliyyətində möhkəm təməl var. Cari ilin aprel ayından fəaliyyətinə start verilən sənaye müəssisələri heç şübhəsiz ki, kənd təsərrüfatı rayonu Hacıqabulun iqtisadi inkişafında müstəsna əhəmiyyət kəsb edəcək.

Tofiq HÜSEYN,

“Respublika”.